Bu ilin sonuna qədər Azərbaycanda yeni salınmış yolların sayı 15 min km-ə çatacaq.
Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün andiçmə mərasimində deyib.
Bundan başqa, dövlət başçısı qeyd edib ki, Azərbaycanda bütün kənd yolları yenidən qurulacaq: "Kənd yolları ilə bağlı təkliflər daxil olub, tədricən bütün yollar yenidən qurulacaq.
Həmçinin İ.Əliyevin sözlərinə görə, yol infrastrukturu ilə yanaşı bütün kəndlərdə içməli su infrastrukturu da qurulacaq və tədricən bütün kəndlər təmiz içməli su ilə təmin ediləcək.
"Əldə edilən nailiyyətlərlə kifayətlənməməli və gələcəyə baxmalıyıq.
"Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Bir çox sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız var - dövlət başçısı qeyd edib.
Ölkə rəhbəri vurğulayıb ki, bunun üçün güclü siyasi iradə, böyük maliyyə resursları var: "Öz əlimizlə bu maliyyə resurslarımızı yaratmışıq. Ona görə də xalqımız gələcəyə böyük nikbinliklə baxır. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin.
"Yaxın illərdə Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün əlavə addımlar atılacaq.
"İqtisadi islahatlar dərinləşdiriləcək. Şəffaflıq təmin edilməlidir. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun fəaliyyət göstərməlidirlər. Bunun müsbət təsirini tezliklə sahibkarlar görəcəklər, - deyə o, qeyd edib.