Kriminal aləmdə Hacı Beyləqanski kimi tanınan "qanuni oğru Hacıbaba Talıbxanlı Moskvaya köçüb.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, 2016-cı ildə İstanbulda öldürülən Rövşən Lənkəranskinin ən yaxın silahdaşı hesab edilən Hacı Beyləqanski uzun müddətdir İstanbulda istintaq altında idi. 2013-cü ildə "Qoca ləqəbli "qanuni oğru Əlibaba Həmidovun qətlində, daha sonra "Lotu Quliyə sui-qəsd cəhdində məhz onun adı hallanırdı.

Lakin hər iki iş üzrə Hacı bəraət qazana bilmişdi. Bundan sonra o, İstanbuldan Rusiyanın paytaxtına gəlib.

"Beyləqanskinin Moskvaya gəlişinin ən böyük səbəbinin "Lotu Quliyə qarşı müharibəyə hazırlıqla bağlı olduğu güman edilir.

Bunun üçün Hacıya Rövşən Lənkəranskinin yaxın qohumu, kriminal aləmdə "Dayıoğlu Zaur kimi tanınan Zaur Əhmədov hər cür maliyyə dəstəyi verir. Ona yaşayış üçün dəbdəbəli "Penthouse ayrılıb. Hacını Moskvada iki zirehli avtomobil gəzdirir və çoxsaylı mühafizəçilər qoruyur.

Hacı Beyləqanskinin yanında hazırda "Lotu Quli ilə düşmən olan Rafiq Masallinski və Ceyhun Gəncinski də var. Hətta hazırda həbsxanada olan "Albert Rijiy kimi tanınan Əli Heydərov da Hacıbaba Talıbxanlıya dəstək verir.

Gözlənilən odur ki, yaxın zamanda "Lotu Quliyə qarşı müxalifətdə olan bütün kriminallar bu dəstəyə qoşulacaq.

Qeyd edək ki, Hacı Beylaqanski 1982-ci il martın 29-da Beyləqan rayonun Talıbxanalı kəndində anadan olub. 2000-ci illərin əvvəllərində Moskvaya gedib və ilk cinayətini də Rusiya paytaxtında törədib. Elə Moskvada Rövşən Lənkəranskiylə tanış olub. Rövşən Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçəndən sonra o da bu ölkəyə gedib. Bir müddət Dubayda yaşayıb. 2012-ci il dekabrın 10-da Dubayda "qanuni oğru adını alıb və bundan sonra Hacı Beyləqanski kimi tanınıb.