Bu gün xəbər saytlarında Cəlilabad rayon Muğan kənd orta məktəbinin ibtidai sinif müəllimi Namiq Babayevin məktəbin qadın mühafizəçisini zorladığı barədə xəbərlər yayılıb.
Unikal.org xəbər verir ki, məsələylə bağlı Cəlilabad rayon polis bölməsindən Moderator.az-a bildiriblər ki, Namiq Babayev qadın mühafizəçini şantaj etdiyi üçün artıq həbs edilib:
"Namiq Babayev 2017-ci ildə işlədiyi məktəbin qadın mühafizəçisi ilə intim münasibətdə olarkən mobil telefonla videoya çəkib. Dünən bu videonu kənd sakinləri arasında yayaraq qadını şantaj etməyə başlayıb. Bundan sonra kənd sakinləri Namiq Babayevin evinə hücum edərək onun kənddən çıxmasını tələb ediblər. Polis əməkdaşları hadisə yerinə gələrək insidentin qarşısını alıblar. Hər iki şəxs polis bölməsində dindirilib. Namiq Babayev qadını şantaj etdiyi üçün həbs edilib. Hal-hazırda Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 150.1 (seksual xarakterli zorakılıq hərəkətləri) və 242-ci (pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.
Əməkdaşımızın əldə etdiyi məlumata görə Namiq Babayev əslən Cəlilabadın Çinarlı kəndindəndir. Onun Muğan kəndində bacısı yaşayır. Namiq də sonradan Muğan kəndində ev tikərək burda yaşamağa başlayıb. Kənd sakinləri bildiriblər ki, bu şəxs həm məktəbdən, həm də kənddən çıxmalıdır. Əks halda burda qan davası düşəcək.