Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Rasim Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqın başa çatdığı elan edilib. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında Rasim Xəlilovun 7 il müddətə azadlıqdan məhrum edilməsini tələb edib. Təqsirləndirilən şəxs son sözlə çıxış edib. O, çıxışında peşman olduğunu, pula ehtiyacı olduğu deyib: "Emin adlı tanışım vardı. Dedi bu "klyoku" Qara Qarayevə çatdırmaq lazımdı. Qarşılığında 300 manat pul alacaqdım. Razılaşdım. Ehtiyacım vardı" Hakimlər kollegiyasının hökmünə əsasən Rasim Xəlilov 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
 
Qeyd edək ki, Rasim Xəlilov bu il iyun ayında Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsində saxlanılıb. Onun üzərindən 2 kq 800 qram narkotik maddə - marixuana aşkarlanıb. Ona Cinayət Məcəlləsinim 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.