Avstraliyalı bir ana Kim Tucci yanvar ayında nə az, nə çox beşiz dünyaya gətirib.
Unikal.org aile.lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, təbii yolla döllənən beşizlərin doğuşu qeysəriyyə əməliyyatı ilə həyata keçirilib. Əməliyyat cəmi 2 dəqiqə vaxt aparıb. Doğuş prosesində 50 həkim və tibb bacısı iştirak edib. Avstraliyanın qərbindəki Perth şəhərində yaşayan 26 yaşlı Kim Tucci dörd qız və bir oğlan anası olub. Bu, tarixdə çox az rast gəlinən hadisədir. Təbii yolla beşizlərə hamilə qalma ehtimalı 55 milyonda bir baş verir. K. Tucci sosial şəbəkədəki profilində hamiləliyi boyu beşizlərin inkişafları haqda bilgiləri bölüşüb. Onun təqibçisi 250 minə yaxındır.
 
Avstraliyalı xanım beşizləri haqqında bunları deyib: "Beş körpəni sağlam şəkildə dünyaya gətirmək üçün vücudum çətin bir mübarizə apardı. Hamiləlik əsnasında bədənim az qala iflas edirdi. Beşizlərin hamiləliyi risklidir. Ona görə də həkimlər körpələrin ikisini qoruyub digərlərini abort etməyi təklif etdilər. Mən bunu heç cür qəbul etmədim. Heç kim inanmırdı ki, mən onları dünyaya gətirməyi bacaracam. Ancaq mən buna nail oldum". 
 
Qeyd edək ki, Kim və Vaughn Tucci cütlüyünün doqquz yaşında bir oğlu, iki və dörd yaşında iki qızı da var. Cütlük bütün ailənin sığacağı bir mikroavtobus almaq üçün pul yığdığını deyib.
 
Eyni bölgədə yaşayan və Tuccinin hamiləliyi müddətində fotoşəkillərini çəkən fotoqraf Erin Elizabeth beşizləri də fotokameranın yaddaşına həkk edib. Həmin fotoları təqdim edirik.