2016-cı ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,2 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, 2016-cı ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,5 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
Ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, şəkər və şəkər tozunun, limonun, naringinin, bananın, almanın, armudun, kələmin, balqabağın, yerkökünün, çuğundurun, sarımsağın qiymətlərində bahalaşma, makaron məmulatlarının, balıq məhsullarının, qoyun ətinin, pomidorun, xiyarın, kartofun, soğanın, göyərtinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Aprel ayında mart ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, mebel və ev əşyalarının qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.