"Respublikamızda 2001-ci ilədək mövcud olan enerji çatışmazlığı problemi tam aradan qaldırılıb".
Unikal.org xəbər verir ki, bunu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.
Onun sözlərinə görə, daxili istehlak yüz faiz yerli istehsal hesabına ödənilir və respublikadan müəyyən həcmlərdə elektrik enerjisi ixrac olunur.
"2017-ci ildə respublikada ümumilikdə elektrik enerjisinin istehsalı 21,8 milyard kilovat-saat təşkil edib. Bunun 20,2 milyard kilovat-saatı istilik elektrik stansiyalarının, 1,6 milyard kilovat-saatı isə su elektrik stansiyalarının payına düşüb. Kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərimiz də əhəmiyyətli dərəcədə yaxşılaşıb. Elektrik enerjisinin istehsalı, ötürülməsi, dispetçer idarəetməsini həyata keçirən və öz fəaliyyəti sahəsində regionda aparıcı müəssisə olan "Azərenerji" ASC-nin başlıca məqsədi və vəzifəsi Azərbaycan Respublikasının elektroenergetika sisteminin dayanıqlılığını təmin etməklə, elektrik enerjisinin istehlakçılara etibarlı, təhlükəsiz və səmərəli ötürülməsini həyata keçirmək, öz fəaliyyətini davamlı şəkildə təkmilləşdirmək, istehlakçıların tələbatını tam həcmdə ödəmək, xarici bazarda inamlı tərəfdaş mövqeyini möhkəmləndirməkdir. ASC və onun tabeçiliyində olan müəssisələr "İSO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemləri" Beynəlxalq Standartının tətbiq olunmasını bəyan edib, - deyə E.Pirverdiyev əlavə edib.