May ayında 2 qeyri-iş günü olacaq. Belə ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, 9 May - Faşizm üzərində Qələbə günü və 28 May - Respublika günü iş günləri hesab edilmir.

Bu barədə unikal.org-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Şöbə müdiri qeyd edib ki, 9 May- Faşizm üzərində Qələbə günü çərşənbə gününə təsadüf edir və qeyri-iş günüdür: "28 May - Respublika günü isə bazar ertəsinə düşdüyündən həmin günün qeyri-iş günü olması ilə yanaşı, bu, eyni zamanda, beşgünlük iş həftəsi üzrə işləyənlərin üç gün (şənbə, bazar və bayram günü olan bazar ertəsi) ardıcıl olaraq istirahət etməsinə imkan verəcək.

E.Babayev onu da qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş "2018-ci ilin istehsalat təqviminə əsasən, 2018-ci ilin may ayı üzrə aylıq iş vaxtı norması 167 saat, 2018-ci il üçün illik iş vaxtı norması isə 1 919 saatdır: "Bu norma altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsi üzrə çalışanlara da şamil edilir.