Mayın 12-də Abşeron rayonu Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Dövlət Statistika Komitəsinin təşkilatçılığı ilə kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirəsi keçirilib.
Bu barədə Unikal.org-a Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Xırdalan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Müşavirədə Abşeron, Qubadlı, Zəngilan və Xızı rayonlarının yerli icra hakimiyyəti başçılarının aidiyyəti müavinləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli statistika orqanlarının rəhbərləri, uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak edib.
Müşavirənin keçirilməsinin başlıca məqsədiDövlət Statistika Komitəsi tərəfindən hazırlanmış yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi və aparılması ilə bağlı məsul şəxslərin təlimatlandırılmasıdır.
Zona müşavirəsində çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin bütün iqtisadi sahələri, o cümlədən kənd təsərrüfatı üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Dövlət Statistika Komitəsi tərəfindən zəruri islahatlar həyata keçirilir, beynəlxalq təcrübə öyrənilərək statistika sisteminin inkişafı üçün müvafiq tədbirlər görülür. Bu istiqamətdə aparılan irihəcmli işlərdən biri də kənd təsərrüfatı statistikasının təşkili üçün mühüm informasiya mənbəyi olan və kənd yaşayış məntəqələri üzrə hər bir təsərrüfat haqqında geniş məlumat almaq imkanı verən təsərrüfatbaşına uçot sənədlərinin təkmilləşdirilməsidir. Belə ki, 1934-cü ildən ciddi dəyişiklik edilmədən tətbiq olunan "Təsərrüfatbaşına kitab" və digər uçot formaları hazırlanarkən göstəricilər sistemləşdirilib, bir çox uyğunsuzluqlar aradan qaldırılıb, eyni zamanda əhalinin ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan məhsullara dair yeni məlumatların əldə olunması zərurəti nəzərə alınıb. Belə ki, cari uçot sənədinə təsərrüfatın mülkiyyətində və istifadəsində olan kənd təsərrüfatı texnikası ilə bağlı yeni bölmənin, mal-qara və quşların bölgüsünə dair yeni göstəricilərin əlavə edilməsi əvvəllər seçmə statistika müşahidələri əsasında toplanan, region və ölkə səviyyəsində müxtəlif metodlarla qiymətləndirilən məlumatların indi bütün təsərrüfatlar üzrə ilkin mənbədən əldə edilməsinə imkan verəcək. Ən əsası isə torpaqların suvarılmasında istifadə olunan mənbələr, əkin üçün nəzərdə tutulmuş torpaqların bitkiçilik məhsulları üzrə bölgüsü haqqında ilkin uçotun aparılması vəzifəsi qarşıya qoyulub ki, bu da torpaqlardan istifadə və məhsul yığımı ilə bağlı daha dəqiq məlumatların əldə edilərək rəhbər orqanlara və digər istifadəçilərə təqdim edilməsi məqsədini daşıyır.
Qeyd olunub ki, yeni uçot sənədlərinin vaxtında və yüksək keyfiyyətlə tətbiq edilməsi kənd təsərrüfatının və ölkə iqtisadiyyatının inkişafına dair qərarların qəbulu üçün dəqiq məlumatların hazırlanmasına imkan verəcək, hər bir təsərrüfat üzrə məlumatların toplanması dövlət dəstəyinin daha ünvanlı şəkildə göstərilməsinə yardım edəcək, məlumatların birbaşa mənbədən əldə edilməsi ölkə əhalisinin ərzaq məhsulları ilə təminat səviyyəsinin daha ətraflı öyrənilməsinə xidmət edəcək, rəqabət qabiliyyətli məhsulların müəyyən olunmasına, ölkənin ixracat potensialının qiymətləndirilməsinə nail olunacaq. Həmçinin, kənd təsərrüfatı məhsullarının maya dəyərinə suvarılma və texnika ilə bağlı xərclərin təsirini qiymətləndirmək də mümkün olacaq,torpaqdan istifadənin səmərəliliyi ilə bağlı yeni məlumatlar əldə ediləcək, strateji bitkiçilik məhsullarının istehsalı və torpaqlardan istifadə ilə bağlı vəziyyəti hər ilin əvvəlində qiymətləndirmək və ölkə rəhbərliyini öncədən məlumatlandırmaq mümkün olacaq. Kənd əhalisinin demoqrafik vəziyyəti, miqrasiyası öyrəniləcək,kənd əhalisinin mənzil-məişət şəraiti qiymətləndiriləcək. Eyni zamanda, uçot sənədlərinin tətbiqi ilə kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin üzərinə düşən statistik yük azaldılacaq.
Dövlət Statistika Komitəsi tərəfindən təsərrüfatbaşına uçot sənədləri ilə bağlı növbəti mərhələdə bir sıra mühüm tədbirlər də həyata keçiriləcək. Bu tədbirlərəuçot sənədlərinin elektronlaşdırılması, hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının və avtomatik rejimdə regionlararası müqayisələrin aparılması daxildir. Uçot sənədlərinin məlumatları statistika orqanlarında və digər aidiyyəti dövlət qurumlarında mövcud olan məlumat bazalarına inteqrasiya olunacaq, statistika orqanlarına təqdim edilmiş müxtəlif statistika hesabatlarının məlumatlarının dürüstlüyünün yoxlanılmasında istifadə olunacaq. Bu məlumatlardan kənd təsərrüfatı və əhali siyahıyaalınmalarında, eləcə də seçici siyahılarının dəqiqləşdirilməsində istifadə ediləcək, torpaqlardan səmərəli istifadə, məhsuldarlığın qiymətləndirilməsi və digər məlumatlar torpaq sahələrinə dair peyk məlumatları ilə uzlaşdırılacaq.
Kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tərtibi qaydaları slaydlar vasitəsi ilə tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxış edərək təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin vəzifələrini diqqətə çatdırıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başcısı İradə Gülməmmədova isə rayonun sosial, iqtisadi göstəriciləri, görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Onuda qeyd edək ki, təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirələri 12-19 may tarixlərində Quba, Lənkəran, Salyan, Şamaxı, Qəbələ, Şəmkir, Göygol, Şəki, Bərdə, Yevlax, İmişli rayon və şəhərlərində keçirilməklə bütün regionları əhatə edəcək.