Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək. Yarış aprelin 30-da start götürən yarış mayın 6-dək davam edəcək. 

Unikal.org xəbər verir ki,  Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirən sərbəst güləş üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçirilib. Məşqdən əvvəl AGF-nin 1-ci vitse-prezidenti, yığma komandanın baş məşqçisi Firdovsi Umudov, vitse-prezidentlər Maqomed Aliomarov və Namiq Abdullayev, baş katib Orxan Məmmədovun iştirakı ilə Avropa çempionatına yollanacaq yığmamızın heyəti açıqlanıb.

Belə ki, sərbəst güləş üzrə komandamız qitənin ən mötəbər turnirində tam heyətlə çıxış edəcək. Baş məşqçi Firdovsi Umudovun rəhbərlik etdiyi məşqçilər korpusu heyətdə Giorgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Murtazali Müslimov (70 kq), Coşqun Əzimov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədova (125 kq) yer verib.

Proqrama əsasən, Avropa çempionatı aprelin 30-da yunan-Roma güləşçilərinin mübarizəsi ilə başlayacaq. Ardınca mayın 2-4-də qadın, 4-6-da sərbəst güləşçilər qüvvələrini sınayacaqlar.

Daha sonra Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatı ilə əlaqədar media nümayəndələrinin suallarını cavablandırıb.

- Avropa çempionatından gözləntiləriniz nədir?

- Bu il keçirilmiş Azərbaycan çempionatından sonra komandamızı İranda beynəlxalq turnirdə və ABŞ-da Dünya Kubokunda sınaqdan çıxardıq. Dünya Kubokuna Şərif Şərifov, Murtuzali Müslimov və Nurmaqomed Hacıyevi zədəli olduqları üçün apara bilmədik. Qatıldığımız yarışların nəticələrinə əsasən, Avropa çempionatı üçün heyətimizi müəyyənləşdirdik. Heyətdə gənclərə də üstünlük vermişik. Bunlar Muslimov və Hacıyevlə yanaşı, Mircəlal Həsənzadə və Coşqun Əzimovdur. Onlarla bərabər təcrübəli güləşçilərimiz də Dağıstana yollanacaqlar. Heyətimizdə Georgi Edişeraşvili, Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov kimi nəticə vermiş pəhləvanlar da var. Bunların hamısı Avropa çempionatında öz sözlərini deməlidirlər.

- Gənc güləşçilərin hansı nəticəsi sizi qane edəcək?

- Onların xarakter göstərmələri, döyüşmələri, medal uğrunda mübarizə aparmaları bizi qane edəcək. Heyətdə yer vermələ, onları gələcəkdə böyüklər arasında dünya çempionatı və Yay Olimpiya Oyunlarına hazırlamaq istəyirik. Dünya Kubokunda elə güləşçilərimiz oldu ki, xarakter göstərə bilmədikləri üçün Avropa çempionatı üçün açıqlanan heyətə daxil edilməyiblər.

- Dünya Kubokundan sonrakı qısa müddət ərzində Avropa çempionatı üçün tam forma yığmağa vaxt tapa bildiniz?

- Təbii. ABŞ-dakı Dünya Kubokuna yollananda da bir gündən sonra idmançılarımız məşqlərdə özlərini yaxşı hiss etməyə başladılar. Qayıtdıqdan sonra isə bərpa prosesi də, hazırlıq da normal getdi. Hazırda təlim-məşq toplanışımız yüksək səviyyədə davam edir.

- Hacı Əliyev 61 kq çəki dərəcəsində qarşısıalınmaz idi. Lakin 65 kq-a keçdikdən sonra hələ tam uyğunlaşa bilmədiyi görünür. Problem nədədir?

- Dünya Kuboku və beynəlxalq turnirlərdə 2 kq-dək artıq çəki ilə çıxış etməyə icazə var. Yəni, rəqiblərinin ondan 2 kq artıq çəkidə olması da özünü göstərir. İnanıram ki, Hacı Əliyev Avropa çempionatında özünü ən yaxşı tərəfdən göstərə biləcək. Doğrudur, güclü rəqibləri var. Güləşdə uduzmaq da, udmaq da olar. Lakin Hacı dünyaca reytinqli pəhləvandır. Hazırlıq prosesinə əsasən, deyə bilərəm ki, Hacı Dağıstanda öz sözünü deyəcək.

- Coşqun Əzimov Dünya Kuboku ilə müqayisədə, Avropa çempionatında 70 kq deyil, 74 kq-da çıxış edəcək. Bu, nə ilə əlaqədardır?

- Qeyd etdiyim kimi, Dünya Kubokunda 2 kq artıq çəki ilə çıxış etməyə icazə var idi. Yəni, o, 72 kq çəki ilə mübarizə aparmışdı. Normalda isə Coşqunun çəkisi 75 kq-dır. Ona görə də Avropa çempionatında 74 kq-da çıxış etməsini məqsədəuyğun saydıq.

- Bəs dopinq cəzasını başa vuran Toğrul Əsgərovun Avropa çempionatından kənarda qalması nə ilə əlaqədardır?

- Toğrul hələ fiziki və psixoloji cəhətdən hazır deyil, formasını tam bərpa etməyib. Üstəlik, çəki məsələsi də var. 70 kq və 74 kq çəki dərəcələrindən hansına uyğun olduğuna baxacağıq. Əsgərov yarışlara və məşq proseslərinə bir müddətlik ara vermişdi. Lakin artıq məşqlərini davam etdirir. Onu qarşıdakı turnirlərdə sınaqdan çıxaracağıq.

- Avropa çempionatında əsas rəqibləriniz qismində hansı ölkələri görürsünüz?

- Hər zaman demişəm ki, zəif rəqib olmur. Azərbaycan millisinin özü də kimlər üçünsə güclü rəqibdir. Bunu Dünya Kuboku da, ötənilki yarışlar da göstərdi. Heyətimizdə yetərincə güclü güləşçilər var. Hər biri titullu pəhləvanlardır, yetərincə nəticələri var. Onların hamısından medal gözləmək olar. Normal hazırlıq keçiblər. İnanırıq ki, lazımi nəticəni də göstərəcəklər.

- Hakimlərin və dağıstanlı azarkeşlərin təzyiqlərinə psixoloji cəhətdən hazırsınız?

- Sözsüz. Bütün yarışlardakı kimi hazırıq. Proqnoz verməyi xoşlamıram, lakin sürprizlər gözlənilir. İstər yunan-Roma güləşində, istərsə də kişi və qadınların sərbəst güləş yarışlarında. Daha çox yunan-Roma və qadın güləşində gənclərə üstünlük verilib. Avropa çempionatında yaxşı nəticələr gözləyirik.