Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ülvi Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, sərəncamla Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.
33 yaşlı Ülvi Mehdiyev Azərbaycanda yüksək vəzifədə çalışan ən gənc məmurlardan biri sayıla bilər. Ülvi Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib.
2005-2006-cı illərdə hərbi xidmət keçib. 2006-2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb.
Ü.Mehdiyev 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində işləmişdir. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var. İngilis, rus dillərini bilir.