Qəbələ rayonunda Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx yaşayış məntəqələrini əhatə edən, uzunluğu 18 km olan avtomobil yolunun yenidən qurulmasına başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Unikal.org verilən məlumata görə, respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu layihəsinə əsasən yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun yenidən qurulur, yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir.

Bununla əlaqədar, yolun yararsız qruntu 34 min kubmetr sahədə qazılaraq çıxarılır, yola yararlı çınqıl materialı tökülərək genişləndirilir, genişləndirilmiş və bitki qatından təmizlənmiş ərazilərdə yenidən kipləşdirmə işləri aparılır və 72 min kubmetr sahədə yeni yol yatağı inşa edilir. 170 min kvadratmetr sahədə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının alt və üst layının layihədə nəzərdə tutulmuş qalınlıqlarda inşasından sonra yola ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 100 min kvadratmetrdən çox sahəni əhatə edəcək.


Yenidənqurma işləri çərçivəsində hazırda süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılır. Belə ki, yol boyu mövcud avtomobil körpüləri və körpü məhəccərləri təmir ediləcək, yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunacaq və müxtəlif diametrli 612 paqon-metr uzunluğunda yeni metal, 72 paqon-metr dəmir-beton suötürücü boruların, həmçinin 42 paqon-metr uzunluğunda su keçidinin inşası işləri görüləcək.


Bütün işlər tikinti norma və standartlarına uyğun olaraq, tərtib olunmuş qrafiklə aparılır. Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması ilə yol boyu zəruri olan yerlərdə 98 ədəd yol nişanı və məlumatverici lövhə, 36 km göstəricisi və 720 ədəd siqnal dirəyi quraşdırıldıqdan, 69 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkildikdən sonra yol tam müasir şəkildə vətəndaşların istifadəsinə veriləcək.