Yeni təhsil proqramları (kurikulumlar) üzrə 10-cu sinif şagirdləri üçün keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatır.
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, sınaq imtahanına qeydiyyat 30 aprel saat 10:00-dək aparılacaq.
2018-ci il mayın 6-da yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu sinif şagirdləri üçün 5-10-cu siniflər (10-cu sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədilə sınaq imtahanı keçiriləcək.
İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.
2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq test tapşırıqları hər blokda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq.
I blok | II blok | III blok | IV blok |
Riyaziyyat | Riyaziyyat | Azərbaycan (rus) dili | Biologiya |
Fizika | Coğrafiya | Tarix | Kimya |
Kimya | Tarix | Ədəbiyyat | Fizika |
Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.
Qeyd edək ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları yeni təhsil proqramları (kurikulumlar) üzrə keçiriləcək. Həmin qəbul imtahanlarının, Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, bu sınaq imtahanı modelinə uyğun təşkil olunması nəzərdə tutulur.
"Sınaq imtahanlarında qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az saytında "Şəxsi kabinet yaradılmalıdır. "Şəxsi kabinetin "Hesab bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (20 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar. Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə "Şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub "İmtahana buradan yazılın düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan vaxtı, yeri seçilir. Daha sonra şəxsiyyət təsdiq edən sənədin məlumatları, imtahan verəcəyiniz bölmə, imtahan bloku seçilir və "Qeydə al düyməsi basılır. "Qeydə al düyməsini basdıqdan sonra "İmtahana buraxılış vərəqəsini çap edə bilərsiniz", - deyə məlumatda vurğulanıb.