Paytaxtdakı 281 nömrəli tam orta məktəblə bağlı aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin 2 nəfər pedaqoji işçisi "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozduğuna, məktəbin direktoru pedaqoji kollektivə rəhbərlik və nəzarət işində yol verdiyi nöqsanlara və ümumilikdə, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, mövcud qanunvericiliyə uyğun olaraq tutduqları vəzifədən azad olunublar.

Bu barədə Unikal.org-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"Bəzən təhsil müəssisələrində olmayan hadisələr barədə ajiotaj yaratmaq cəhdləri təbii ki, ikrahla qarşılanır. Bu hal da göstərir ki, nöqsan olan yerdə qəti tədbir görülür. Yəni, təhsili idarəetmə qurumları nöqsanı gizlətmir. Əksinə nöqsanların aradan qaldırılmasında ən çox maraqlı tərəf təhsili idarəetmə orqanlarıdır", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Suraxanı rayonu 281 saylı məktəbdə müəllim S.H. qadın alverində və şantajda ittiham olunub. İddia edilir ki, S.H. həmin məktəbdə riyaziyyat müəllimi kimi çalışan qadın X.R.-nın müxtəlif şəxslərlə cinsi əlaqədə olduğu zaman videogörüntülərini çəkib. İddiaya görə, S.H. sevgilisi olan Zalovla əlbir olub X.R.-nı intim videogörüntüləri ilə şantaj edərək pul tələb edib.

İddiaya görə, Zalovla S.H. X.R.-dan müxtəlif vaxtlarda ayrı-ayrı məbləğlərdə pul alıb. Nəhayət, X.R. tələb olunan pulunu verməyə imkanı çatmayıb və hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat verib. Nəticədə Zalovun həbs olunduğu deyilir. S.H.-nın isə 3 gün polis bölməsində saxlanıldıqdan sonra evə buraxıldığı yayılan xəbərlər arasındadır.