Vergilər naziri Mikayıl Cabbarov "Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə yeni təyin olunmuş baş meneceri xanım Eser Manavın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Unikal.org bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, görüşdə xanım Eser Manav təyinatdan sonra səfər etdiyi ilk ölkə kimi Azərbaycanı seçdiyini və şirkətin fəaliyyətinin genişləndirilməsi üçün Azərbaycanda geniş imkanlar olduğunu qeyd edib, vergilər sahəsində qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində aparılan işləri yüksək qiymətləndirib. Vergilər naziri ölkədə əlverişli iqtisadi mühitin mövcudluğu vurğulayıb, "Coca-Cola şirkətinin Azərbaycandakı fəaliyyəti və həyata keçirdiyi sosial yönümlü layihələri qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Vergilər Nazirliyinin müzakirələr aparmağa hər zaman açıq olduğu diqqətə çatdırılıb.