Gəncədə ayda 80 manata yol süpürən yataqxana sakinlərinin hekayəti!
11:22 23-08-2012
CƏMİYYƏT
Gəncədə ayda 80 manata yol süpürən yataqxana sakinlərinin hekayəti!
“Analoqsuz inkişaf edən” ölkənin ikinci böyük şəhərindən ürəkağrıdan reportaj
Gecə yarısı qaranlığı yaran işıq dirəklərinin altında 13 yaşlı Nuran balaca əllərini üzünə qoyub anasının nə vaxt işini bitirəcəyini gözləyir.
Hərdən uzun tutqaclı süpürgəni var gücü ilə o tərəf bu tərəfə aparıb yorğun anasına kömək də edir. Nuran yol süpürməkdən utanmadığını desə də gah başını aşağı salır gah da gözlərini yolun uzaq nöqtələrinə qaçırır... Bu zəhmətlərinin qarşılığında anası ayda 80 manat pul alır.
Gecə yarısı soyuq küçələrdə sürətlə keçib gedən maşınların arası ilə yolları təmizləyən Nuranın anası Məhbubə Tahirova da gecə yol təmizləməyin çətin olduğunu deyir: “Tək getməyə qorxuram, ona görə, oğlumla gəlirəm. Gecələr çox vaxt sürücülər kefli olur, qorxuram. Oğlum da hərdən kömək edir. Balacadır, gücü çatmır, amma yanımda olmağı elə mənə bəsdir. 1 ştata işləyirəm, cəmi 80 manat maaş alıram”.
Yol boyu təmizliyinin keşiyində duran digər qadınlar da işlərinin çətin, maaşlarının az olduğundan gileyləndilər. Kimisi evsilikdən, kimisi ac qalmaqdan kimisi də uşağını məktəbə yola salmağa dəftər, kitab ala bilmədiyindən danışdı. “32 yaşım var, gecə körpə uşaqlarımı evdə qoyub gedirəm yol süpürməyə. Evimiz yox yataqxanada qalırıq. Şərait bərbaddır, su yoxdur. 80 manat alıram. Aydan aya da kartımızla maaş alırıq. Ərazimizi tanıyırıq, gedib öz ərazimizi süpürürük. Mən Üzeyir Hacıbəyov küçəsini süpürürəm”.-deyə, Mahizər Məmmədova bildirir.
“Evdən narazılığımız var, suyumuz yoxdur. Fəhlə adamıq, şəraitimiz yoxdur. Başçı bizə bir kömək eləsin. Ya da bir ev versin. Deyirlər müəllimlərin pulu atanda süpürgəçilərin də pulu artacaq, ona ümidimiz qalıb”.-deyə, digər qadın bildirir.
Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat və İstehsalat Birliyinin rəisi Elgün Məmmədov bildir ki, bildirdi ki, Gəncədə 300-ə yaxın yol təmizləyən işçi var və onlar neçə ştat iş görərsə ona uyğun da əmək haqqı alır. “Kommunalda 1124 işçi var. Onlardan 300 nəfərdən çoxu süpürgəçidir. Kim nə qədər işləsə iş saatlarına uyğun olaraq 80- 90 manat maaş alırlar. Onların içərisində yüksək maaş-106 manat alan da var...”.
Evlərinə çörəkpulu aparmaq üçün gecə yarısı yolları təmizləyən anasını gözləyən Nuran sürətlə keçən maşınların səsini belə duymadan bəzən elə yol kənarındaca yuxulamalı olur.
Gülnur Rafiqqızı
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00