Azərbaycanda tanınmış şirkət Ağdamdan köçkün düşən bir ailənin faciəsinə səbəb olub.
Unikal.org AzNews.az-a istinadən xəbər verir ki, hazırda Müşfiqabad qəsəbəsində məskunlaşan Qasımovlar ailəsinin 26 yaşlı oğlu Cavanşir Qasımov kabel televiziyası və internet xidmətini həyata keçirən "AN Media" şirkətindəki işini həyata keçirərkən elektrik dirəyinə çıxıb və onu cərəyan vurub. Cərəyanın gücündən ciddi yanıq xəsarətləri və başından travma alan gəncin bir əli amputasiya olunub, digər əli isə iflicdir. 

Anası Elmira Qasımovanın sözlərinə görə, hadisədən dərhal sonra şirkətin rəhbəri İlqar Şahhüseynov öz müavini ilə birlikdə xəstəxanaya baş çəkib. İ.Şahhüseynov ailədən heç yerə şikayət etməməsini, bunun qarşılığında isə xəstənin bütün xərclərini şirkətin qarşılayacağını deyib. Qasımovlar ailəsi isə onunla razılaşıb. E.Qasımova deyir ki, oğlunun xəsarət almasından sonra şirkət bir neçə dəfə 500, 300 manatlıq yardım göstərib, lakin üzərindən bir müddət keçəndən sonra belə bir işçilərinin olmadığını iddia ediblər: "İlqarla görüşdüm. Mənə deyir ki, onu öhdəliyimə götürməmişəm ki... Mən də deyirəm hadisə iş vaxtı olub, siz də xəstəxanaya gəldiniz, razılaşdıq ki, şikayət etməyəcəyik, amma kömək edəcəksiniz. İndi isə geri çəkilmisiniz. Heç olmazsa gəlin xəstə sizi görsün. Cavabı nə olsa yaxşıdır? Deyir mən şəkərəm, xəstənin üzünə baxa bilmərəm. Bizə əvvəldən demişdilər ki, hər ay sizə 300 manat yardım edəcəyik. İndi isə tanımaq istəmirlər".

Cavanşir Qasımovun anası deyir ki, oğlu sözügedən işi "JEK" vasitəsilə tapıb: "Oğlum işsiz idi, iş tapmaq üçün icra hakimiyyətinə, "JEK"ə müraciət etmişdi. Arayış almaq üçün gedəndə, "JEK"in müdiri dedi ki, "AN Media" şirkəti kabel çəkilişi üçün işçi axtarır. Oğluma dedim, maraqlandı, birinci gün getdi, şəxsiyyət vəsiqəsini də apardı, direktor müavini Rahil müəllimlə görüşmüşdü, ikinci gündən işə çıxdı. Bu binadan o biri binaya kabel atırmışlar. Usta oğluma deyib ki, çıx dirəyə, qorxma, cərəyan yoxdur. Oğlum da çıxıb. Hadisə də orada baş verib".

Elmira Qasımova məsələ ilə əlaqədar aidiyyəti qurumlara, həmçinin baş prokuror Zakir Qaralova müraciət edib. O, Bakı şəhər prokuroru Əziz Seyidovla da görüşüb: "Sağ olsunlar, məni qəbul etdilər. Şəxsən Əziz Seyidovun özü ilə görüşdüm. Dinlədi, sonda soruşdu ki, iddian nədir. Dedim şirkət oğluma kompensasiya ödəsin və ona pensiya kəsilsin. Oğlumun 2 qolu demək olar ki, yoxdur. Başı da ki, əməliyyat olunub. 8 dəfə əməliyyata salmışıq Cavanşiri. Başına dəri çəkiblər, onun da altı çirk verir. Saxlamaq olmur. Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdik. Protez verdilər, qoluna qoymuşuq, amma qolunun altı və çiyni yara olduğundan istifadə edə bilmir. Ayaqyoluna da mən aparıram".

E.Qasımova prokurorluğun da bu işə ədalətsiz yanaşdığını bildirir. Onun sözlərinə görə, Qaradağ Rayon Prokurorluğunun müstəntiqi Yusif Novruzov cinayət işinin başlanmısının rədd olunması barədə qərar qəbul edib. Amma qərar Cavanşir Qasımov və ya yaxınlarına təqdim olunmayıb: "Əziz Seyidovun qəbulunda olanda müəyyən sənədləri prokurorluğa təqdim etməyimi məsləhət gördü. Müstəntiqi tapa bilmirəm ki, ona sənədləri təqdim edim. Əgər prokurorluq ətraflı, obyektiv araşdırma aparsa, görərlər ki, şirkət rəhbərliyi məsuliyyəti boynundan atmaq üçün yalan danışır. Ən azı, "JEK"in müdiri təsdiqləyə bilər ki, onların vasitəsilə mənim oğlum da daxil olmaqla, Müşfiqabad qəsəbəsində bir neçə gənc bu şirkətə işə götürülüb. Mən güman edirəm ki, prokurorluq da bunu yaxşı bilir, amma nədənsə, göz yumurlar. Əgər şirkət adamları müqaviləsiz işlədibsə, buna görə də cavab verməlidir. Şirkət rəhbərliyi deyir ki, ver məhkəməyə, orada çəkişək. Amma onlar oğlumun müqaviləsini çoxdan ləğv ediblər".



Cavanşir Qasımov hazırda ev şəraitində müalicə alır. Anası oğlunun ev xəstəsi olmadığını bildirir: "Beyninə dəri çəkiblər, altında çirklənmə gedir. Xaricdə müalicə lazımdır. Şirkət də deyir ki, mənlik deyil. Ver məhkəməyə. Onun müalicəsi xaricdə olunmalıdır. Amma ona da pul yoxdur. Qohum-əqrabadan dilənib dərmanlarını alıram. Bir qardaşım Qarabağ əlilidir, biri də şəhiddir. Anam aldıqları bütün pensiyanı bizə verir. Şirkət yaxın da gəlmir".

Əlacsız qalan ana məhkəməyə müraciət edib. Məhkəmə prosesi mayın 19-da Qaradağ Rayon Məhkəməsində keçiriləcək. Lakin E.Qasımova udmaq şansının olmadığını düşünür: "Onlar məni yola gətirdilər ki, şikayət etməyim, bu ərəfədə də vaxtdan istifadə edib bütün sənədləri ləğv etdilər. İlqar Şahhüseynov mənə təklif elədi ki, 500 manat verirəm, ərizəni geri götür. Amma bundan sonra 500 min də versələr geri çəkilməyəcəyəm".

ÜRƏYİ ZƏİF OLANLARIN FOTOLARA BAXMAMASI MƏSLƏHƏTDİR.