Qaradağ rayonunda Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Qafar Əliyev, Şura üzvləri və digər qonaqlar iştirak edirdilər.

İlk öncə tədbir iştirakçıları Heydər Əliyev parkında Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Qaradağ rayon məktəblilərinin əl işlərindən ibarət müxtəlif kompozisiyalar və Qaradağ rayon Mərkəzləşmiş Kitabxana sisteminin kitab sərgiləri ilə tanış oldular. Rayonun musiqi kollektivlərinin Ulu Öndərin xatirəsinə həsr olunan müxtəlif musiqi nömrələri xüsusilə tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Tədbir Heydər Əliyev Mərkəzində Ulu öndərin xatirəsinə həsr olunan konfransla davam etdirildi.

Konfransdan öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər

Əvvəlcə Ulu Öndərin həyat yolu haqqında film nümayiş etdirildi.

Konfransı giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirdi ki, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə müstəqil dövlətçiliyin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən şəxsiyyət kimi düşüb.

Başçı dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərə yol açan vacib amillərdən biri də siyasi varislik ənənələrinin təmin olunması fikrini səsləndirdi. Siyasi varisliyin təmini əsrlər boyu formalaşmış dövlətçilik irsinin qorunması və inkişaf etdirilməsi anlamında, əslində, hər bir ölkə üçün aktual olduğunu, Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran Ulu Öndərimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyev müəllifi olduğu siyasi strategiyanın davamlılığını da təmin etmişdir. Ümummilli Liderimizin inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev Azərbaycanı Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq olmuşdur.

YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin üzvü Aydın Hüseynov Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirdi. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Artıq ölkəmiz dünyada sayılıb-seçilən, hörmət edilən dövlətlərindən biridir. Hər il möhtəşəm, əlamətdar tədbirlərin, konfransların, mötəbər yarışların keçirildiyi məkana çevrilib. Bütün bunların özəyini isə Ulu Öndərin siyasi kursunu inamla davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarıdır. Onun yürütdüyü müstəqil siyasət nəticəsində tolerantlıq, sabitlik nümunəsinə çevrilən Azərbaycan daha da çiçəklənməkdədir.

Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Qafar Əliyev xalqımız qarşısında əvəzsiz tarixi xidmətlərindən danışdı. Bildirdi ki, Azərbaycanın bugünkü inkişafı məhz Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin bəhrəsidir. O öz çıxışlarında Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir.

Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı  Süleyman Mikayılov konfransı yekunlaşdıraraq qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib.

Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib.