Yardımlı Rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1700 manat dəyərində televizor və oyun aparatları oğurlayan şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Unikal.org-un cənub bürosuna bildirilib ki, Yardımlı rayon Köryədi kənd sakini, Sərvin İbayev rayon polis şöbəsinə müraciət edərək ona məxsus çayxanadan gecə saatlarında 2 ədəd televizor, 3 ədəd SONY markalı oyun aparatı və həmin aparatın pultlarının oğurlandığını deyib.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla məlum olub ki, çayxanadan oğurluq edən elə həmin kəndin sakinləri Camal Əkbərli və Şaiq Balaşovdur.
Onlar törətdikləri əməli etiraf ediblər, oğurladıqları televizor və oyun aparatlarını Bakı şəhərində satdıqlarını bildiriblər. Oyun aparatlarından biri isə onlardan maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Yardımlı RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.