Bolqarıstanın nüfuzlu "Standart qəzetində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədovun Şuşanın işğalı ilə bağlı məqaləsi dərc edilib.

Unikal.org xəbər verir ki, Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə dərc olunmuş "Şuşa Qafqazın kiçik Parisi kimi məşhur idi adlı məqalədə Şuşanın tarixi haqqında ətraflı məlumat verilir. Bildirilir ki, Şuşa qalası uzun illər Azərbaycanın Qarabağ xanlığının paytaxtı olub. XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalıb və Şuşa Azərbaycanın mühüm şəhərlərindən birinə çevrilib. XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkilib. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranıb, ticarət daha sürətlə inkişaf edib. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, Moskva və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdılar.

Qeyd edilir ki, XIX əsrin birinci yarısında şəhər əhalisinin sayı ətraf regionlardan oraya gedən peşə sahibləri, alim və sənətkarların hesabına 20 minə çatmışdı. 1809-cu ilin məlumatına görə, o dövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət göstərirdi. Bu da ən azı 1500 sənətkar demək idi. Tarixi mənbələrdə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturaların və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir. 1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq oyatmışdı. 1903-cu ildə Tiflisdə nəşr olunmuş "Vestnik Kavkaza jurnalının 43-cü səhifəsində göstərilirdi ki, Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malik olub, onlar Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayıblar.

Diqqətə çatdırılır ki, Şuşa havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınırdı. Bu baxımdan, Şuşa nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi. Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən və dünyanın heç bir yerində bitməyən "Xarı bülbül gülü bitir.

Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa tanınmış elm və mədəniyyət xadimlərinin vətəni hesab edilir. Şuşa XVIII əsrin ikinci yarısından musiqi mərkəzinə çevrilib və Azərbaycan musiqisinin yüksəlişinə səbəb olub. Şuşa orada doğulmuş, şöhrətləri bütün dünyaya yayılmış bəstəkarların vətəni kimi də məşhurdur. Azərbaycan musiqi mədəniyyəti tarixində yeni mərhələnin yaranması dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlıdır.

Müəllif yazır ki, XX əsrin sonunda Qarabağın dağlıq hissəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələri digər erməni terrorçu dəstələri ilə birlikdə Yuxarı Qarabağda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini bir-birinin ardınca işğal etdilər. 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhəri Ermənistan ordusu tərəfindən işğal edilməklə bütün Yuxarı Qarabağ zəbt olundu. 289 kvadratkilometr ərazisi, 24 min əhalisi, 1 şəhər və 30 kəndi olan Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın çoxsaylı tarixi abidələri, həmçinin 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi talan edilib, yandırılıb və dağıdılıb. Hazırda Şuşa rayonunun 33 min 300 nəfər əhalisi Azərbaycanın 55 rayonunda müvəqqəti məskunlaşıb. Bir vaxtlar "Kiçik Paris, "Qafqazın sənət məbədi, "Azərbaycan musiqisinin beşiyi və "Şərqin konservatoriyası adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələrin işğalı altındadır. Şuşanın abidələr şəhəri olduğunu söyləyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirək deyib: "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur.

Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür:http://www.standartnews.com/svyat-europe/shusha_se_prochuva_kato_malkiya_parizh_na_kavkaz-371271.html.