"Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Şuşaya gəlməsi qanun pozuntusudur".
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
O vurğulayıb ki, Nikol Paşinyan ilk səfərini Azərbaycanın işğal olunmuş ərazilərinə etdiyinə görə peşman olacaq: "Çünki onun günahsız insanların qanına bulaşan torpaqlara ayaq basması cinayətdir".
B.Səfərov həmçinin Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsi məsələsinə də toxunub. O qeyd edib ki, bununla bağlı hələ heç bir gözlənti yoxdur: "Orada yeni hökumət formalaşmalıdır. Yeni yığılan komanda ilə yeni baş nazir əgər işğalçılıq siyasətindən əl çəkəcəksə, o zaman Dağlıq Qarabağda yaşaya biləcəklər. Yoxsa onların günü əvvəlkindən daha da pis olacaq".