Azərbaycanın ovaxtkı iqtidarı öz laxlayan hakimiyyətini qorumaq üçün cinayətlərə, vətəndaş müharibəsinə əl atmışdı.

Unikal.org-un məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, 1990-cı ilin faciəvi günlərində Heydər Əliyev əsl lider kimi yenə də öz xalqının yanında yer tutdu, xalqa yol göstərdi: "Mən o dəhşətli günləri yaxşı xatırlayıram, sovet hökuməti, sovet rəhbəri tərəfindən Azərbaycan xalqına qarşı böyük cinayət törədilmişdi. Qanlı Yanvar faciəsi böyük cinayətdir, öz xalqına qarşı böyük cinayətdir. Yüzdən çox günahsız insan vəhşicəsinə qətlə yetirilmişdir, yüzlərlə insan yaralanmışdır və itkin düşmüşdür. Heydər Əliyev dərhal bu ədalətsizliyə qarşı öz səsini ucaltdı. Yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, - mən də onun yanında idim, - orada sovet rəhbərliyini, bu vəhşi aktı pislədi və Azərbaycan xalqına öz həmrəyliyini ifadə etdi. Bu, böyük cəsarət tələb edən addım idi. Çünki o vaxt Heydər Əliyev sovet təbliğatında çox böyük təzyiqlərə, böyük kampaniyalara məruz qalırdı. Ancaq xalqın ona olan sevgisini bu çirkin əməllər söndürə bilməzdi. Əksinə, xalq görürdü ki, öz liderinə qarşı böyük ədalətsizlik törədilir və onun ətrafında daha da sıx birləşməyə cəhd göstərirdi. 1990-cı il yanvarın 21-də Heydər Əliyevin Moskvada daimi nümayəndəlikdə keçirilmiş mətbuat konfransındakı çıxışı dəfələrlə dərc edilib, televiziyada göstərilib. Yenə də deyirəm, bu, böyük cəsarət tələb edən addım idi. Bu addım bir daha göstərirdi ki, Azərbaycan xalqının problemləri, mənafeyi, dərdi onun üçün hər şeydən üstündür, hər şeydən əzizdir və ağır günlərdə o, mütləq öz xalqının yanında olmalı idi. Onu da qeyd etməliyəm ki, o vaxt sovet hakimiyyəti hələ möhkəm idi, Sovet İttifaqının dağılmasına hələ iki il vaxt qalırdı. Heç kimin ağlına gələ bilməzdi ki, nə vaxtsa sovet dövləti dağılacaq".

Prezident əlavə edib ki, ondan sonra Heydər Əliyev uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarından çıxdı. Çox ciddi bəyanat vermişdi və təbii ki, ona qarşı bundan sonra da təzyiqlər, təqiblər daha da geniş vüsət almışdı, hətta tam dəqiq məlumata görə, onun həbsi məsələsi də qoyulmuşdu: "Moskvada qalmaq mümkün deyildi, onun bütün ailə üzvlərinə qarşı da çox ciddi addımlar atılmışdı. Bütün ailə üzvləri tutduqları vəzifələrdən, - vəzifələr o qədər də böyük vəzifələr deyildi, adi vəzifələr idi, - çıxarılmışdı. Demək olar ki, sovet hakimiyyətinin repressiya maşınının nəticələrini biz o vaxt görmüşük və hiss etmişik.

Heydər Əliyev doğma Vətənə üz tutur və Bakıya gəlir. Əfsuslar olsun ki, Bakıda da ona yaşamağa imkan vermədilər və Naxçıvana - doğulduğu yerə gedib orada yaşamağa məcbur olur və Azərbaycan xalqı onun ətrafında birləşməyə başlayır. Azərbaycan xalqı açıq-aydın görürdü ki, bu ağır vəziyyətdən xalqı ancaq Heydər Əliyev çıxara bilər, xalqı ancaq o xilas edə bilər. Naxçıvanlılar onun ətrafında sıx birləşərək Heydər Əliyevi Ali Məclisin Sədri vəzifəsinə seçdilər və o, Naxçıvanı işğaldan qorudu. Çünki o vaxt Ermənistan Naxçıvanı da işğal etmək istəyirdi. Ancaq Heydər Əliyev buna imkan vermədi. Orada böyük səfərbərlik işləri görülmüşdür, özünümüdafiə dəstələri yaradılmışdır və Naxçıvanın işğalına imkan verilməmişdir. Naxçıvanlılar da Heydər Əliyevi qorudular. Çünki o vaxt - 1992-ci ildə hakimiyyəti qanunsuz, dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat hakimiyyəti Heydər Əliyevə qarşı işlərə başlamışdı və Naxçıvanda da çevriliş etmək fikirləri var idi".

İlham Əliyev əlavə edib ki, hətta o vaxt Daxili İşlər Nazirliyinin daxili qoşunlarının bir dəstəsini Naxçıvana desant göndərmək istəmişlər, naxçıvanlıları, Heydər Əliyevi hədələmişdilər, ancaq sonra bu çirkin əməllərdən əl çəkməli oldular: "Çünki gördülər ki, onları çox ciddi müqavimət gözləyir və bu, avantüra onlara çox baha başa gələ bilər və yenə də, - sonra da bunu dəfələrlə göstərəcəklər, - qorxaqlıq göstərərək öz çirkin niyyətlərindən əl çəkməli oldular".

Dövlət başçısı vurğulayıb ki, Naxçıvan dövrü çox yaddaqalan dövrdür: "Mən o dövrü çox yaxşı xatırlayıram. Mən dəfələrlə Naxçıvana atamın yanına getmişəm, onunla bərabər olmuşam. Çox ağır vəziyyətdə Naxçıvanın qorunması, Naxçıvanın yaşaması üçün çox böyük işlər görülmüşdür. Müstəqilliyimiz üçün də çox böyük işlər görülmüşdür. Çünki uzun fasilədən - 1920-ci ildən sonra ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclisin sessiyasında rəsmi dövlət bayrağı kimi təsdiq olundu. Bu, müstəqilliyə gedən yolun başlanğıcı idi.

Azərbaycanda vəziyyət getdikcə gərginləşirdi, torpaqlarımız erməni işğalı altına düşürdü. Ovaxtkı AXC-Müsavat hakimiyyəti xalqın ümidlərini doğrulda bilmədi, öz yarıtmaz, xəyanətkar siyasəti ilə Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə böyük zərbələr vurdu və demək olar ki, ölkəni idarəolunmaz vəziyyətə gətirdi. Xaos, anarxiya, talançılıq, özbaşınalıq, siyasi, iqtisadi, hərbi böhran hökm sürürdü, torpaqlarımız işğal altına düşürdü. Azərbaycanın ovaxtkı iqtidarı isə öz laxlayan hakimiyyətini qorumaq üçün cinayətlərə, vətəndaş müharibəsinə əl atmışdır. Biz o günləri, o illəri yaxşı xatırlayırıq. Öz hakimiyyətini saxlamaq üçün Gəncəni bombalamağa qərar vermişdi və Gəncənin dağılmış binalarının o mənzərəsi bu gün bizim gözümüzün qabağındadır. Azərbaycan xalqı o anti-milli hakimiyyətə yox demişdir, cəmi bir il ona dözə bilmişdir və öz lideri ətrafında birləşmişdir. Hələ 1992-ci ildə Azərbaycanın qabaqcıl ziyalıları, tanınmış insanlar, ictimai xadimlər Heydər Əliyevə müraciət edərək partiyanın yaradılması ilə bağlı təkliflər irəli sürmüşlər və 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu da gənc dövlətin siyasi sisteminin yaradılması demək idi. Çünki o günə qədər Azərbaycanda siyasi sistem yox idi, siyasi münasibətlər, ümumiyyətlə, mövcud deyildi. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev Bakıya gəlmişdir. Ovaxtkı AXC-Müsavat hakimiyyəti yenə də qorxaqlıq göstərərək kənara çəkilmiş, ölkə, demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. O ağır, çətin vəziyyətdə xalq bu tarixi missiyanı Heydər Əliyevə həvalə etmişdir".