PKK-dan Türkiyəyə elan edilməmiş müharibə
PKK-dan Türkiyəyə elan edilməmiş müharibə

Artıq bu bir faktdır ki, terror qurumu olan PKK Türkiyə hüdudlarında son dərəcə aktivləşib və bütün ölkə üzrə ard-arda terror aktları törətməkdədir. Son məlumatlara görə, PKK-çıların 3 gün öncə Qaziantep şəhərində törətdiyi terror nəticəsində 8 nəfər ölüb, 65 nəfər yaralanıb.

Qaziantepdə polis idarəsinin yaxınlığında baş vermiş partlayışdan sonra əsəbinə hakim ola bilməyən yüzlələ şəxs kürd terrorunu dəstəkləyən BDP-nin şəhər bölməsinin binasının qarşısına yürüş edib.
İHA-nın verdiyi xəbərə görə, əhali BDP-nin Şehitkamil qəsəbə binasına od vurub.
Əraziyə çoxlu sayda yanğınsöndürən və polis cəlb edilib.
İki gün öncə isə Qaziantepdə ikinci partlayış baş verib. TRT-nin verdiyi məlumata görə, hadisə şəhərin Yuxarı Bayır Məhəlləsində baş verib. Məlumata görə, bu partlayışda da ölən və yaralananlar var.
Türkiyə KİV yaır ki, terrorçular şəhər polis idarəsinin yanındakı dayanacaqda saxlanılmış avtomobildə patlayıcı maddələri uzaqdan komandayla idarə edərək, partlayış törədiblər.
Partlayış nəticəsində dayanacaqdakı iki sərnişin avtobusu alovlanıb, ətrafdakı maşınlar zədələnib, ev və iş yerlərinin pəncərələri qırılıb. Aralarında polislərin də olduğu çoxlu sayda şəxs yaralanıb.
Polis terrorçuların yaxalanması üçün əməliyyata başlayıb.
Qaziantep valisi Ərdal Ata partlayışın bomba yüklü maşının uzaqdan idarə edilən komanda ilə partladılması nəticəsində baş verdiyinin təsdiqləndiyini deyib.
Avqustun 21-də isə Türkiyənin Şırnak rayonunda 10 əsgər şəhid olub.
Türkiyə KİV-nin verdiyi xəbərə görə, dünən BDP-çi millət vəkillərinin İraqla sərhəd kəndində keçiriləcək görüşü üçün təhlükəsizliyi təmin etməli olan 10 əsgər qəza nəticəsində ölüb, 4 əsgər və bir uşaq isə yaralanıb.
Qəza yerinə gələn çevrə kəndlərin sakinləri əsgərləri xilas etməyə çalışıblar. Sağ qalanlara kənddəki tibb məntəqəsində ilkin yardım göstərildikdən sonra helikopterlə Şırnaqdakı Hərbi Xəstəxanasına aparılıblar.
Şırnak Valisi Vahdettin Özkan qəzada 9 əsgərin, avtobusun sürücüsü olan, zabitin şəhid olduğunu, 4 əsgərin isə yaralandığını təsdiqləyib. Qəza vaxtı sürücünün yanında olan 10 yaşındakı oğlu isə yüngül yaralanıb.
Avqustun 23-də Türkiyənin Hakkari vilayətində PKK terrorçuları hərbi maşın karvanı keçən yolda ardarda 4 partlayış törədib.
CNNTÜRK-ün verdiyi xəbərə görə, terror aktı Hakkari şəhərinin Şemdinli qəsəbəsindən 20 km aralıda baş verib. Hadisə yerinə Türkiyə Silahlı Qüvvələrinin “Kobra” vertolyotları və hərbi texnikası cəlb olunub.
Eyni zamanda bölgənin İran sərhədi yaxınlığında jandarma məntəqəsi minaatandan atəşə tutulub.

“Sayın Ərdoğan, qorxma, arxandayıq”

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Gaziantepdə baş verən terror hücumundan sonra maraqlı açıqlamalar verib.
Türkiyə KİV-nin verdiyi xəbərə görə, müxalifət lideri terrorla mübarizdə baş nazir Rəcəb Tayyib Ərdoğana dəstək nümayiş etdirib: “Cənab baş nazir, bu hadisələr qarşısında dözümlü, dik duracağınız, alacağınız siyasi qərarlarla terrorla mübarizəyə önəm verəcəyiniz halda, TBMM-də 326 millət vəkili və tək başına bir iqtidar olaraq Türkiyədə terrorun kökünü kəsə bilərsiniz... Yəni “terrorun kökünü kəsin” təlimatını verə bilmək üçün güclü bir siyasi iqtidar qərarlılığına ehtiyac var. Bu səbəbdən də, cənab baş nazir, qorxma, sənə səs verən kütlə bu millətin övladıdır, arxandadır. Bu ölkənin sevdalısı olan MHP-lilər də bu qərarı ortaya qoyduğunuz zaman səni tək buraxmazlar. Bu terrorun kökü kəsilməli və Kandilə türk bayrağı sancılmalıdır. Bir dəfə də bir araya terror üçün gəlin, əgər Kandilə bayraq sancacaqsınızsa, bərabər gedin, bərabər sancın bu bayrağı. Sizlərin arxasında millət olaraq duracağıq”.
Politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, “PKK-nın Türkiyə daxilində yaratdığı terror aktları ondan xəbər verir ki, bu qurumun türk dövlətinə qarşı apardığı mübarizə sözün pis mənasında yeni mərhələyə qədəm qoyub. PKK əvvəllər gizli iş tərzinə üstünlük verirdi, indi isə açıq şəkildə fəaliyyətə başlayıb, mülki əhaliyə hücum edir, millət vəkilini girov götürür, hətta uşaqları da məhv edir.”
Politoloqun fikrincə, “PKK-nın aktivliyi bir çox dövlətlərin maraqları ilə üst-üstə düşür. Amma onu da qeyd etməliyəm ki, hazırkı Türkiyə iqtidarı da vaxtilə PKK probelminin həllinə yanlış şəkildə yanaşdığına görə indiki situasiya ilə üzləşməlıiydi. Nəticədə Türkiyə hazırda çox pis bir tələyə düşüb və ümid edək ki, qardaş dövlət bu tələdən çıxa biləcək. Türkiyə bu durumdan qurtulmağı bacarsa, sürətlə superdövlət olmağa doğru gedəcək. Yox, əgər bunu edə bilməsə, regionda daxili münaqişələrlə əlləşən adi bir dövlətə çevrilə və hətta regionda söz sahibi olmaq səlahiyyətini də qeyb edə bilər. PKK-nın indiki aktivliyi həm də Suriya rejimi ilə bağlıdır. Necə deyərlər, Bəşər Əsəd bir növ Türkiyədən qisas alır. PKK-nın əli ilə. Amma məsələ təkcə Suriya ilə bitmir. Dünyanın bir sıra dövlətləri də ciddi şəkildə maraqlıdır ki, Türkiyənin başı ancaq bu kimi daxili problemlərə qarışsın”.
Savalan