Ermənistan KİV-lərində bu ölkənin İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən vəzifəli şəxsin səhlənkarlıq faktı üzrə cinayət işinin başlanması və iş çərçivəsində mayın 11-də Ermənistan silahlı qüvvələrinin silah-sursat idarəsinin avtomobil xidmətinin rəhbəri, polkovnik David Abramyanın həbs edilməsi barədə məlumatlar yer alıb.
Buna münasibət bildirən istefada olan polkovnik Məhərrəm Cahangirov AzərTac-a bildirib ki, Ermənistanda oğurluq və korrupsiya halları həmişə çox olub. Amma quldurluq və oğurluq hallarına ən çox Ermənistan ordusunda rast gəlinir. Belə hallar Serj Sarkisyan başda olmaqla Ermənistan hakimiyyətindəki kriminal rejim tərəfindən gizlədilsə də, düşmən mətbuatında bu cür məlumatlar həmişə yer alır. Ermənistan ordusunda baş verən fərarilik, ölüm, rüşvət, korrupsiya, intihar, təcavüz və digər halların sayı dəfələrlə artıb. Ciddi iqtisadi böhran yaşayan Ermənistan ordusunda acınacaqlı vəziyyətin hökm sürməsi, belə halların olması, bu cür informasiyaların yayılması təəccübləndirici deyil, əksinə, gözləniləndir. Artıq belə hallar Ermənistan üçün adiləşib. Ermənistan ordusunda korrupsiya və oğurluq hallarının sayını gündən-günə artır.