Bu gecə Tərtərə 10-a yaxın mərmi düşüb.
Unikal.org anspress-ə istinadən bildirir ki, ötən gün axşam saatlarından başlayaraq Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qazyan kəndinin ərazisi atəşə tutulmağa başlayıb. Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilib, qarşı tərəfin atəş nöqtələrinə cavab zərbələri endirilib. Lakin gecə saatlarında rayonda nisbi sakitlik olub.
Avtomat və pulemyotlardan atəş açılsa da, ağır artilleriya silahlarından istifadə edilməyib. Atışmalar qısamüddətli olub. Kəndlərə ziyan dəyməyib.
Məlumata görə, atılan 10-na yaxın mərminin çoxu əkin sahələrinə düşüb. Sakinlər bildiriblər ki, əkin sahəsinə düşən mərmilərdən birinin partlama ehtimalı var. Əraziya ANAMA əməkdaşlarının baş çəkəcəyi bildirilir.
Müdafiə Nazirliyindən sayta verilən məlumata görə, erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz mayın 13-ü saat 18.20-dən başlayaraq 14-ü saat 01.50-dək minaatanlardan intensiv olaraq atəşə məruz qalıb.
Ümumilikdə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfin mövqeləri və səngərlərinə 124 dəfə cavab zərbəsi endirib.