Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması, əhalinin sağlamlığı və qida zəhərlənmələrindən qorunması istiqamətində apardığı nəzarət tədbirlərini davam etdirir.
DBX-dan unikal.org-a verilən xəbərə görə, mayın 14-də gecə saat 1-2 radələrində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə reyd keçiriblər.
Reyd zamanı "Ucal- Elgün" MMC (Montində yerləşən) heyvan kəsim məntəqəsinin həyətində Cəlilabad rayonundan Bakıya satış məqsədi ilə gətirilən, Babayev Hüseyn Fazil oğlunun idarə etdiyi "Qazel" markalı 15 BO780 dövlət nömrə nişanlı yük avtomobilində 9 baş hissələrə bölünmüş, 1300 kq-a yaxın iribuynuzlu heyvan cəmdəkləri (1 baş camış, 8 baş inək cəmdəyi cəmi 36 şaqqaya ayrılmış ət) aşkar edilib.
Yük avtomobilinə baxış keçirilən zaman heyvan cəmdəklərinin antisanitar vəziyyətdə, standarta uyğun olmayan formada, üst-üstə yığılaraq çirkli baş-ayaq və tamam yarasız vəziyyətdə olan daxili orqanlarla birgə daşındığı məlum olmuşdur. Ətlərin orqonoleptik göstəriciləri qida üçün şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndərilib.
Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcəkdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl olaraq davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.