Azərbaycan və Ermənistan yığması Lvov şəhərində Kunq-Fu və Uşu üzrə keçirilən Avropa çempionatından diskvalifikasiya olunub. Buna səbəb idmançılar arasında baş verən kütləvi davaya görədir.
Unikal.org xəbər verir ki, bu barədə ANS PRESS-ə Ukraynada davada iştirak etmiş idmançı Ellər Orucov və idmçançı Orxan Mehdiyevin xalası oğlu Aydın Tağıyev deyib. Qalmaqal Ermənistan yığmasının təxribata əl ataraq Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nı arenada qaldırılması ilə yaranıb.
"Bizimkilər qondarma Qarabağın "bayrağını" cıraraq ayaq altına atıb"
Məlumata görə, idmançımız Orxan Mehdiyev ¼ finalda erməni rəqibini məğlub edərək ½ finala adlayıb. Daha sonra daha bir idmançımız rinqə çıxıb. Lakin kənarda duran ermənilər O.Mehdiyevdən məğlubiyyəti həzm edə bilməyərək məşqçimizə və idmançılarımıza əvvəl söyüş söyüblər, sonra hücum ediblər. Döyüş sona çatmadan qarşılaşma dayanıb. Nəticədə, Azərbaycan və erməni heyətinin iştirakı ilə kütləvi dava başlayıb. İdmançılar da daxil olmaqla onlarla insanın iştirak etdiyi davada yarış keçirilən arenanın oturacaqları dağıdılıb. Lvov şəhərinin polis əməkdaşları hadisə yerinə gələrək münaqişəni sakitləşdiriblər. Ermənistan yığması azərbaycanlı idmançıları polisə şikayət ediblər.
Yığma komandamızın Avropa çempionatından diskvalifikasiya olunmasına Gənclər və İdman Nazirliyi münasibət bildirib. Nazirliyinin mətbuat katibinin rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, Azərbaycan və Ermənistan yığmasını turnirdən kənarlaşdırılması haqqında rəsmən məlumat yoxdur. Onun sözlərinə görə, əgər belə bir qərar verilsə iki tərəfdə turnirdən çıxarılmaıdır. Əks halda, böyük konflikt yarana bilər.