Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi Həcc mərasimi ilə bağlı bəyanat yayıb.
 
Unikal.org xəbər verir ki, bu ölkənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir ki, Səudiyyə Ərəbistanı həm hökumət, həm bir xalq olaraq qonaqlara xidmət göstərməkdən qürur və şərəf duyur, bütün ölkələrdən gələn Həcc və Ümrə ziyarətçilərinə qulluq göstərməyi özünün ən mühüm islami borcu hesab edir.
 
"İki Müqəddəs Məscid Xadiminin başçılıq etdiyi Səudiyyə hökumətinin göstərişinə əsasən Həcc və Ümrə Nazirliyi hər il dünyanın müsəlmanlar yaşayan 78-dən çox ölkəsinin həcc məsələləri üzrə məsul şəxslərinə dəvət göndərərək həmin ölkələrdən gələcək zəvvarların sayı, təşkilati məsələlərini və tələbatlarını müzakirə edir. Bu ölkələr arasında İran da var. Belə ki, bu il onların hökumətini təmsil edən nümayəndə heyəti Həcc məsələlərini müzakirə etdiklərinə baxmayaraq, görüşün sonunda protokol imzalamağı qəbul etməyib və bunu belə izah ediblər ki, onu əvvəlcə İranın ali dini rəhbərliyinə göstərməlidirlər. Bundan əlavə onlar böyük israrla tələb ediblər ki, zəvvarlarına viza İranın daxilində verilsin. Halbuki, Səudiyyə Ərəbistanı Krallığının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğu hücuma məruz qalandan sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib. Bununla belə, Həcc və Ümrə Nazirliyi İranın nümayəndə heyətinə bildirib ki, onlar xarici zəvvarlar üçün Mərkəzləşdirilmiş Elektron Sistem vasitəsi ilə öz zəvvarlarına elektron viza ala bilərlər", - deyə bəyanatda vurğulanıb. 
 
Qeyd olunub ki, Səudiyyə Ərəbistanı Krallığı rəhbərliyi və xalqı dünyanın hər yerindən gələn müxtəlif ölkə, məzhəb nümayəndələrindən olan Həcc və Ümrə ziyarətləri üçün həmişə qucaq açır və heç bir müsəlmana müqəddəs ərazilərə gəlməyə, dini ayinlər yerinə yetirməyə qadağa qoymur: "Sadəcə bunun üçün Həcc məsələlərini tənzimləyən qayda-qanuna riayət olunmalıdır. Krallıq Allah qonaqları olan Həcc və Ümrə zəvvarlarına xidmət üçün bütün maddi və insani resurslarını səfərbər edir və onların bu ayinləri rahat və təhlükəsizlik şəraitdə icra etmələri üçün səylərini əsirgəmir. Əgər kimsə öz vətəndaşlarının Həcc kimi vacib olan bir ibadəti yerinə yetirməyinə mane olursa, bu onun öz qərarıdır və bunun üçün Allah qarşısında və bütün dünya qarşısında məsuliyyət daşıyacaq".