Paytaxtın "Sovetski" məhəlləsində yerləşən tarixi abidələrdən daha biri bu gün sökülüb.

Söhbət Azərbaycanın ilk kinorejissorlarından biri, əməkdar artist Abbas Mirzə Şərifzadənin və onun həyat yoldaşı SSRİ xalq artisti Mərziyə Davudovanın yaşadığı üçmərtəbəli evdən gedir.

Akademik Milli Dram Teatrının yaxınlığında yerləşən bu mülk 1910-cu ildə tikilmişdi və tarixi abidələr sırasındaydı. Böyük aktyor 1937-ci il -həbs olunana qədər bu evdə yaşamışdı.

Böyük sənətkar həmin ilin 4 dekabrında öz evində həbs olunmuşdu, bir il sonra güllələnmişdi. Həbs edilərkən bu evdə axtarış aparılmışdı, bir teatr qılıncı, iki teatr tapançası silah kimi müsadirə edilmişdi.

Uzun müddətdir müzakirə mövzusu olmasına, hətta deputat Fazil Mustafa tərəfindən parlamentdə qaldırılmasına baxmayaq, söküntü işlərini həyata keçirənlər bu binanı söküblər.

Xatırladaq ki, bu ünvanda Şərifzadələr nəslinin daha bir yadigarı, Azərbaycanın xalq artisti Firəngiz Şərifova da dünyaya gəlib. Bu nəslin digər yadigarı olan Eldar Qasımov isə Avroviziya mahnı müsabiqəsinin 2011-ci ildəki qalibidir.//musavat.com