Mayın 16-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçiriləcəyi gözlənilir. Rəsmi Bakı Vyana görüşünün baş tutacağını təsdiqləməyib. Ermənistan rəsmiləri isə Serj Sarkisyanın görüşdə iştirak edəcəyini bəyan edib.

Öncəki görüşlərdən fərqli olaraq, bu dəfə ABŞ və Rusiya rəsmiləri Con Kerri və Sergey Lavrovun birlikdə Vyanada Qarabağ münaqişəsi ilə bağlı görüşə qatılacağı rəsmi şəkildə elan edilib.

Vyana görüşünün xəbəri yayılandan sonra təmas xəttində ermənilərin təxribatları daha da şiddətlənib. Son iki gün ərzində Ermənistanın bir neçə hərbçisi Qarabağda məhv edilib. Düşmən təxribatı nəticəsində bir hərbçimiz şəhid olub. 

Maraqlıdır ki, Ermənistan bir tərəfdən danışıqlarda iştirak etdiyini bəyan edir, digər tərəfdən isə cəbhədə təxribatlara ara vermir. Ermənistanın bu ikili oyunu nəyə hesablanıb? Düşmənin Vyana görüşü ərəfəsində cəbhədə vəziyyəti gərinləşdirməkdə məqsədi nədir?

 
Siyasi şərhçi Qabil Hüseynli bildirir ki, cəbhədə erməni təxribatlarının davam etməsi görüşün baş tutmayacağına işarədir: "Ermənilər bununla göstərmək istəyirlər ki, Vyanaya getmək fikirləri yoxdur. Eyni zamanda elə bir situasiya yaratmaq istəyirlər ki, Azərbaycanı bezikdirsinlər. Yəni, bizi danışıqlardan imitna etməyə məcbur etmək istəyirlər. Bununla Azərbaycanı dünya ictimaiyyətinə danışıqlardan imtina edən tərəf kimi göstərməyə çalışırlar. Bu çox alçaq metoddur". 

Politoloq Elxan Şahinoğlu hesab edi rki, erməni tərəfi cəbhədəki təxribatları ilə dünyanı Qarabağda atəşkəsin vacib olduğuna inandırmağa çalışır.

"Ermənilər vəziyyəti gərginləşdirməklə beynəlxalq aləmdə belə bir görüntü yaradırlar ki, bölgədə atəşkəs vacibdir. Amma, Azərbaycanın məqsədi təkcə atəşkəsə riayət etmək deyil, münaqişəni həll etməkdir. Yəni, ilkin şərt irəli sürmədən Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır". 

E.Şahinoğlu qeyd edib ki, Ermənistan status-kvonun saxlanılmasına çalışır: "Ermənilər atəşkəsi pozmaqla beynəlxalq aləmdə atəşkəsin vacib olduğu mövzusunu aktuallaşdırmaq istəyirlər. Ermənistanın Vyana görüşü öncəsi cəbhədə təxribat törətməkdə məqsədi budur".

Politoloq Zərdüşt Əlizadənin fikrincə, ermənilər danışıqlara getmək niyyətində deyillər: "Ermənistan ağalarının göstərişlərini yerinə yetirir. Ona görə də heç bir güzəştə getmək istəmir. Çalışırlar ki, münaqişə belə davam etsin. Vyana danışıqları öncəsi təxribatlar da danışıqların nəticəsiz başa çatmasına hesablanıb". (Azvision.az)