Xəbər verdiyimiz kimi dünən Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə bəzi şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib.
Bu gün müğənni Nadir Qafarzadə fəxri ad almadığına görə sərt etirazını bildirib.
Unikal.org xəbər verir ki, müğənni instagram hesabında bir neçə video paylaşaraq Fəxri ad alanların bu ada layiq olmadığını deyib və bu siyahıya düşə bilmədiyindən gileylənib:
"Bu gün xəbərlərdə oxudum. İllərdir sənətdə əziyyət çək, külüng vur. Axırda da sənin mükafatın olmasın, əməyin qiymətləndirilməsin. Hər zaman dövlət tədbirlərində, xalq konsertlərində, cəbhə bölgələrində, hərbi hissələrdə, Ulu Öndərin ildönümlərində, prezident seçkilərində, xarici ölkələrdə musiqimizi təmsil elə, amma sonda da sənin mükafatın olmasın. Bilmirəm bu videodan sonra məni hara aparacaqlar? Hər halda bu da təəccüb doğurmayacaq. Yenə də haqsızlıq öz işini görür. Allah canımızı sağ etsin. Bu paxıllıq deyil. Həmkarlarım məni düzgün anlasınlar. Mən sadəcə haqqımı tələb edirəm. Demirəm bundan sonra mənə nəsə etsinlər. Hər halda sözümü dedim yetər.
Dəfələrlə mən prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, Mədəniyyət naziri Əbülfəs Qarayevə məktub yazmışam.Gedib ünvanına çatmır. Bəlkə belə olmasa hər şey yaxşı olardı. Fəxri ad alanların Azərbaycan mədəniyyətində heç bir yolu yoxdur. Sadəcə bəxtləri gətirib, təsadüfən o siyahıya düşüblər. Necə düşüblər bilmirəm. Təbrik edirəm, çox şanslısız əziz dostlar! İndi əziyyətiniz olmasa da şansınız gətirib. Amma mənim qədər sizin əziyyətiniz olmayıb. Bunu Allah da bilir .Nadir Qafarzadədir də kimi var ki? Bir Allahıdır, bir də özü".
Qeyd edək ki, müğənni Nadir Qafarzadənin bu paylaşımına sənət yoldaşı Xatirə İslam da rəy yazaraq, onu dəstəkləyib.
Famil Fərhadoğlu