"Əminəm ki, Xalq Cümhuriyyətinin qurucuları da bu günü görsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər - İlham Əliyev

Mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. O dövr üçün yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi.

Lakin 1920-ci ilin aprel ayının 28-də Azərbaycanın XI Qızıl ordu tərəfindən işğalı ilə ölkəni beynəlxalq aləmdə suverən bir dövlət kimi siyasət yeritməsinə xitam verildi. Mövcud olduğu 23 ay ərzində AXC müstəqilliyin təməlini qoya bilən bir sıra uğurlu layihələr həyata keçirə bildi. Nəticədə Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində milli iqtisadi modelində mülkiyyət münasibətləri, aqrar məsələ, maliyyə-valyuta siyasəti, xarici ticarət-iqtisadi münasibətlər, iqtisadi idarəetmə və digər sosial-iqtisadiyatla bağlı sistemləri qura bilmişdi.



Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlətin ən mühüm iqtisadi atributlarını (Milli Bank, milli valyuta, milli bazar, dövlət büdcəsi, xarici iqtisadi əlaqələr və s.) formalaşdırmış, özünün sosial-iqtisadi siyasətinin həyata keçirilməsi istiqamətində ilk mühüm addımlarını atmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad sahibkarlıq institutunun təşəkkül tapması üçün mülkiyyət, vergi münasibətləri formalaşmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin vergi işində ölkənin maliyyə sabitliyini təmin etmək diqqət mərkəzində idi. Qısa müddət ərzində vergi orqanları yaradılmış, müstəqim və qeyri-müstəqim vergilərin ayrı-ayrı növləri tətbiq edilməklə ilk dəfə olaraq müstəqil dövlətin büdcəsini formalaşdırmaq mümkün olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə istinad olunan ən mühüm vergi növü gəlir vergisi sayılırdı. Mühüm makro-iqtisadi hadisələr olan inflyasiya, işsizlik, iqtisadi artım, rifah halı arasında qarşılıqlı əlaqə və asılığı nizamlamaq üçün həm iqtisadiyyatın real sektorunda, həm də qanunvericilik qaydasında böyük təcrübi əhəmiyyət kəsb edən ciddi addımlar atılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində neft sənayesi ağır vəziyyətdən çıxarıldı, dağıdılmış Bakı-Batum neft kəməri bərpa olundu, Bakı-Culfa dəmir yolu inşa edildi, Kür çayı üzərində körpü salındı, maarif və mədəniyyət, xaricdə yüksək ixtisaslı milli kadrlar hazırlanması sahəsində işlər yoluna qoyuldu. Bununla belə, Azərbaycan Dövlət Bankı yaradıldı, milli pul nişanları buraxıldı, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirildi.

İqtisad elmləri üzrə fəlsəfə doktoru Xosrof Kərimov o dövrün mətbuat orqanlarının materiallarına istinad edərək məqaləsində qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin reallaşdırmaq istədiyi müstəqillik ideyasında iqtisadi müstəqillik əsas hesab olunurdu: 

"Belə qəbul olunurdu ki, "fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldadır. Bu konseptual məsələ idi və Azərbaycan Xalq Cümhuriyyətinin bütün fəaliyyəti dövründə daima diqqət mərkəzində saxlanılırdı. O zaman geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq Azərbaycan Xalq Cümhuriyyəti və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər. Əksinə, belə hesab edirdilər ki, "bu cür mülkiyyəti tamamilə ortadan qaldırmaq indiki durum içərisində şəxsi təşəbbüs qüvvəsini zorakı şəkildə aradan qaldırar. Respublikanın yaratdığı iqtisadi qanunçuluğa görə dövlət mülkiyyətinə və qismən də bələdiyyə mülkiyyətinə "dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər, həmçinin "dəmiryolu, işıq, su, teleqraf və sair bu kimi ümumi işlərə xidmət edən quruluşlar daxil edilirdi. -deyə o, qeyd edib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə aqrar sektorun inkişafı üçün də bir sıra layihələr həyata keçirilmiş, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün bu sahəyə də ciddi önəm verilmişdi. Xatırladaq ki, 1917-ci ildə Azərbaycanda 2.559.027 nəfər əhali qeydə alınmışdı. Qeydiyyatda olan əhalidən 1.981.548 nəfəri kənd əhalisi kimi, ümumi əhalinin 77%-ni təşkil etməsi kimi göstərilir. Qalan 577.479 nəfərin isə şəhərlərdə yaşayıb ümumi əhalinin 22,6%-ni təşkil etdiyi bildirilirdi.

İqtisad üzrə fəlsəfə doktoru Seyfəddin Səməndərov məqalədə qeyd edib ki, rəqəmlərdən də göründüyü kimi, aqrar məsələnin həlli Azərbaycan əhalisinin əksəriyyətinin həyati maraqları ilə əlaqədar idi: 

"Digər sahələr kimi, aqrar sektorun inkişafı üçün də, o dövürdə bir sıra ciddi islahatlar aparıldı və qanunlar qəbul edildi. Statistikadan göründüyü kimi, əhalinin çox hissəsi kəndlərdə yaşayır və onlara aqrar sektorun inkişafında yaxından dəstək vermək lazım idi. 



Bunun üçün 1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyətinin aqrar siyasətinin əsas məzmunu 
1) əkinçiliklə məşğul olan əhali kütləsinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması; 
2) torpaq icarəsi münasibətlərinin tənzimlənməsi; 
3) proqramların reallaşması üçün komissiyaların yaradılması və s. kimi tədbirlər sistemindən ibarət idi.

Azərbaycanın müstəqilliyi ideyasının banilərinin sosial-iqtisadi baxışlarında elə bir demokratik cəmiyyətin qurulması nəzərdə tutulurdu ki, məqsədləri orada vətəndaşlar arasında siyasi bərbərlik bərqərar olmaqla yanaşı, sosial ədalətsizliyin zərərli nəticələri aradan götürmək idi. -deyə iqtisadçı alim qeyd edib.

Şərqdə yaranmış ilk demokratik respublika olan -Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə müstəqiliyimizin tanınması üçün böyük diplomatik zəfərlər də əldə edilmişdir. Nəticədə Azərbaycan Xalq Cümhuriyyəti dünyanın əksər ölkələri tərəfindən müstəqil respublika kimi tanınmış, iqtisadi-ticari və digər sahələrdə diplomatik əlaqələrin qurulmasına zəmin yaranmışdı. 



1918-ci ilin 4 iyun tarixində Osmanlı ilə Cümhuriyyət arasında "Sülh və dostluq haqqında müqaviləyə əsasən isə Osmanlı Cümhuriyyətin müstəqiliyini tanıyan ilk dövlət oldu. Bundan sonra Avropa ölkələri də AXC-nin müstəqilliyini tanımışdılar. Diplomatik zəfərlərin sayəsində Bakıda bir sıra dövlətlərin konsulluqları açılmış və ABŞ, İngiltərə, İtaliya kimi dövlətlərlə iqtisadi diplomatik əlaqələr qurulmağa başlamışdır. Daha sonra İranla bağlanan sazişlərə əsasən Tehranda Azərbaycan səfirliyi, Təbriz şəhərində isə baş konsulluq açılmışdır. Həmçinin Cümhuriyyətin yeritdiyi xarici siyasət dövlət quruculuğuna əsaslı töhvə verməklə yanaşı Azərbaycan diplomatiyasi üçün böyük əhəmiyyət kəsb edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrlə qurduğu diplomatik əlaqələr iqtisadi dirçəlişə də yol açırdı. Bir sözlə Azərbaycan Xalq Cümhuriyyəti tarixinə həmin dövrdə ölkədə milli iqtisadiyyatın və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində ilk müstəqil addımlar atıldı. ADR-in iqtisadi siyasətinin əsas məzmununu bolşeviklərin həyata keçirdiyi milliləşdirmənin ağır nəticələrinin aradan qaldırılmasına, ölkədaxili və ölkələrarası əlaqələrin genişləndirilməsinə, mülkiyyətin çoxnövlüyü şəraitində islahatlar yolu ilə ölkə iqtisadiyyatında yaranmış problemlərin həll edilməsinə yönəldilmiş proqramların işlənib hazırlanması təşkil edirdi.

Mövcud olduğu 23 ay müddətində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə ləkə gətirən "addımlar atılıb, tarixdə izinin silinməsinə cəhd olunsa da, xalqımızın yaddaşından heç vaxt çıxmamışdır. Azərbaycanın dövlətçilik tarixində bu varislik ənənəsini xalqımız Cümhuriyyətin süqutundan sonrakı 70 illik sovet hakimiyyəti dövründə qəlbində və şüurunda yaşatdı.



Bu tarixi Cümhuriyyət irsinin daha obyektiv tədqiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti Ümummilli lider Heydər Əliyev 1998-ci il 30 yanvar tarixli fərmanı imzaladı. Məhz bu fərmandan sonra 1918-1920-ci illərdə cəryan edən hadisələr daha dərindən araşdırılmağa başlanıldı. Təkcə bir faktı demək kifayətdir ki, 1998-ci ildən başlayaraq hər il 31 mart Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində yad edildi. Hazırda da Cümhuriyyət irsinə hörmət yüksək səviyyədə daima diqqət mərkəzindədir. Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev tərəfindən də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verilir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev tərəfindən də Azərbaycan Xalq Cümhuriyyətinin adının yaşadılması üçün bir sıra tarixi addımlar atılıb və bu iş hazırda da davam etdirilir. 



2007-ci ildə mayın 25-də İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidənin ucaldılması bu faktı bir daha təsdiqləyir. Abidənin açılışında İlham Əliyev iştirak edərək çıxışında bildirmişdir ki, "Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etsə də onun aşıladığı müstəqillik hissləri xalqımızın yaddaşından heç vaxt silinməmişdir.

Bununla belə, prezident İlham Əliyev tərəfindən 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması da bu mənada mühüm tarixi missiyanın həyata keçirilməsinə xidmət edir. 28 may Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda ölkə başçısı qeyd etdi ki, bu gün müstəqil Azərbaycan hər bir vətəndaş üçün qürur mənbəyidir: "Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Əminəm ki, Xalq Cümhuriyyətinin qurucuları da bu günü görsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər.

Müasir Azərbaycanın dövlətçilik ənənələrinin və müxtəlif sahələrdəki uğurlarının təməli 100 ilin ilk iki ilində atıldı. Həmin tarixdən 98 il keçməsinə baxmayaraq bu təməli qırmağa cəhdlər oldu, müxtəlif təzyiq və çətinliklər, ən pisi isə işğalla üzləşdik. Artıq imperiya buxovundan azad olmuş müstəqil dövlətimiz hazırda bütün səylərini təkcə dövlət quruculuğunun həyata keçirilməsinə və milli iqtisadiyyatımızın formalaşdırılmasına deyil, həm də dövlətin maliyyə imkanlarının artması fonunda ordumuzun maddi-texniki bazası da möhkəmləndirilir, hərbi xərclərimiz ilbəil artır. Azərbaycan bu gün müstəqilliyinin 100 illiyini Qarabağsız qeyd edir. İnanırıq ki, növbəti illərdə torpaqlarımız işğaldan azad ediləcək. Cümhuriyyətimizin yubleyini Şuşada, Xankəndində də qeyd edəcəyik. Təməli möhkəm olan Cümhuriyyətimiz, 100 yaşın mübarək!!!

Yazı İqtisadiyyat Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı KİV nümayəndələri arasında "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilməsi üçün hazırlanıb.