Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) "Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi mövzusunda konfrans keçirəcək.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov tədbir barəsində məlumat verərək bildirib ki, Ermənistanın 30 ilə yaxın bir zaman ərzində Azərbaycan topraqlarını işğal altında saxlaması və bunun nəticəsində Cənubi Qafqazda yaranan etnik separatizm, yeni müharibə qorxusu və xalqların müharibə nəticəsində yaşadığı problemlərin beynəlxalq təşkilatlara, dünya dövlətlərinə çatdırılması konfransın əsas mahiyyətini təşkil edir. Eyni zamanda sosial şəbəkələrin imkanlarından istifadə edərək, Ermənistanın etnik separatizm siyasətinin daha geniş bir arealda yayılmasına nail olmaq, habelə xarici medianın diqqətinin Qarabağ probleminə yönəldilməsinə nail olmaqdır.
«Məlum olduğu kimi Ermənistan özünün işğalçılıq siyasətindən əl çəkmir. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir. Müxtəlif beynəlxalq qurum və təşkilatlar tərəfindən, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz bəyan edilməsinə baxmayraq, Ermənistan geri çəkilmir. 30 illik işğal nəinki Azərbaycan üçün, həm də region üçün böyük problemlər yaradıb. Bütün səylərə baxmayaraq işğal edilmiş əraizlərin azad etməməsi regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Bu problem regionun inkişaıfna da mane olan ən mühüm amildir.»- deyə Rufiz Qonaqov bildirib.
Beynəlxalq Konfrans haqqında məlumat vərən BMAM rəhbəri qeyd edib ki, Azərbaycan ictimaiyyəti kimi Ermənistanın etnik separatizm siyasətini və regionda təhlükəsilzliyə təhdidini dünya dövlətlərinə, beynəlxalq təşkilatlara çatdırılmasını təmin etmək əsas məqsədimizdir. Bundan başqa dünya dövlətlərinin Azərbaycana dəstəyinin artırılmasına, eləcə də regiondakı təhlükəsizliyə diqqət cəlb etməkdir. Eyni zamanda internet imkanlarından istifadə etməklə, sosial şəbəkə istifadəçilərinin Ermənistanın etnik separatizm siyasətinə diqqətini yönəltmək və Azərbaycanın işğala məruz qalan ölkə kimi daha geniş arealda tanınmasına nail olmaqdır.
İki istiqamətdə olan mövzularımızda aparılan müzakirələrdə yerli ekspertlər, beynəlxalq təşkilat və səfirliklər, o cümlədən xarici media müəyyənləşdirilərək prosesə cəlb ediləcəkdir.
Hesab edirik ki, bu çox böyük əhəmiyyət daşıyacaq. İctimai sektorla yanaşı beynəlxalq təşkilatların da səfərbər olunması Qarabağ problemi ilə bağlı informasiya yükünü artıracaq və əsl həqiqət dünya ictimaiyyətinə çatdırılacaq.
Qeyd edək ki, Beynəlxalq Konfransın iyun ayının 8-də keçirilməsi nəzərdə tutulur.