Öz adını fəxri ad alanlar siyahısında görməyib, qəzəblənərək etiraz dolu videomüraciət paylaşan Nadir Qafarzadə məsələ ilə bağlı açıqlama verib.
Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, sənətçi, emosional davrandığını etiraf etdi:
Nadir Qafarzadə: Mənə fəxri ad vermədilər, yəqin layiq deyiləm. Nə etmək olar, bəlkə qismət deyilmiş. Təki xalqımız, dövlətimiz sağ olsun. Mən həmişə dövlətimə, xalqıma xidmət etmişəm, bundan da qürur duymuşam. Bundan sonra da edəcəm. Özüm könüllü olaraq YAP-a üzv olmuşam. Xalq-dövlətə xidmət mənim içimdən gəlir, heç kim məni buna məcbur etməyib.
Mənim evimdə atamın şəkili yoxdur, amma Heydər Əliyevin şəkili var. İnanın mənim səmimiyyətimə, məni buna heç kim məcbur etməyib. Bu mənim ulu öndərə olan sevgimdir. O, şəxsən mənim üçün ideal şəxsiyyətdir. Çox xoşbəxtəm ki, Heydər Əliyevin qurduğu dövlətin vətəndaşıyam.
Bu dövlət üçün neyləmişəmsə, halal xoşu olsun. Bütün dövlət tədbirlərində canla-başla iştirak etmişəm. Nə qədər ömrüm varsa, yenə edəcəm. (Ağlayır) Danışıram, kövrəlirəm... Ola bilər, əsəbiləşib nə isə demişəm. Onlar hamısı ötəri sözlərdir. Biz bu dövlətdə yaşayırıqsa, bu torpaqda gəziriksə, bunun üçün prezidentimizə minnətdar olmalıyıq. Övladlarımı da belə öyrətmişəm.
Mən prezidentimizə heç vaxt, əsla heç vaxt irad tutmaram. Onun o qədər işləri var ki... Bəlkə də başını qaşımağa vaxtı yoxdur. Əminəm ki, adım ona təqdim olunsaydı, hörmətli prezidentim, İlham Əliyev cənabları mənim əməyimi, sənətimi qiymətləndirərdi. Hələ də ümidliyəm ki, bu nə vaxtsa baş verəcək. Hər bir insanın əməyi qiymətləndirilməlidir. Biz sənət insanlarına fəxri adlar stimuldur".