Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev nazir yanında yaradılmış İctimai Ekoloji Şuranın üzvləri ilə görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Şuranın üzvləri və fəaliyyəti ilə tanışlıq xarakteri daşıyan görüşdə perspektiv fəaliyyət istiqamətləri, ekoloji problemlərin həllində vətəndaş cəmiyyətinin rolu barədə ətraflı fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.
Görüşdə M.Babayev həlli vacib olan ekoloji problemlərin aradan qaldırılmasında effektivliyin təmin olunması məqsədilə İctimai Ekoloji Şura tərəfindən təkliflərin hazırlamasına önəm verdiyini və Şuranın ictimaiyyətlə əlaqələndirici rolunun vacibliyini bildirib. O, Şuranın iclaslarının bundan sonra da vətəndaş cəmiyyətinin bütün nümayəndələrinə açıq olmasını, istənilən məsələlərin ictimai müzakirəsinin təşkili üçün lazımi şəraitin yaradılmasını və bu cür görüşlərin mütəmadi keçirilməsini tövsiyə edib.
İctimai Ekoloji Şuranın üzvləri çıxış edərək ETSN-nin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini bildirib və bir sıra aktual məsələlərə dair təkliflərini səsləndiriblər.