Əməkdar artist Sahib Paşazadə Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin təşkilaçılığı ilə İslamabad şəhərində keçirilən Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.
Unikal.org xəbər verir ki, əməkdar artist səfərlə bağlı təəssüratlarını bölüşərək bildirib ki, onun rəhbərliyi ilə konsert proqramında Əməkdar artist, vokal ifaçısı İlham Nəzərov, xanəndə Nigar Şabanova, Əməkdar artist Şölə Səfərəliyeva və rəqqas Əməkdar artist Nigar Şahmuradova çıxış ediblər. Cümhuriyyətin 100 illiyinə həsr edilən tədbir çərçivəsində təqdim etdiyimiz konsert proqramı çox böyük alqışlarla qarşılandı. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət proqram təqdim etdik. Tədbirdə Nigar Şabanova ilə təqdim etdiyimiz Pakistan mahnısı isə gurultulu alqışlarla müşayiət olundu. Pakistan qəzetlərində bu haqda geniş məlumatlar yer aldı.
Pakistandakı səfirimiz Əli Əlizadə tədbirdə çıxışı zamanı Azərbaycan Xalq Cümhuriyyətinin bu il 100 illik yubileyinin Azərbaycan Prezidentinin sərəncamına əsasən təntənəli qeyd edildiyini və müsəlman dünyasının ilk demokratik respublikası olduğunu diqqətə çatdırdı. Səfir, 1991-ci ildə yenidən müstəqilliyini qazanan Azərbaycanın ötən 25 ildən artıq müddətdə sürətlə inkişaf etdiyini, Azərbaycanın müasir, sülhsevər və sabit ölkə olduğunu ifadə edib. Bildirdi ki, bu gün Azərbaycanla Pakistan arasında strateji tərəfdaşlıq, qarşılıqlı inam və hörmətə əsaslanan dostluq və qardaşlıq münasibətləri yaranıb.
Ölkənin tanınmış ictimai-siyasi xadimləri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistan ordusunun yüksək rütbəli zabitləri və Pakistanda yaşayan azərbaycanlılar iştirak etdiyi tədbir müstəqil Azərbaycanımızın mədəniyyətinin, tarixinin , turizm potensialının və iqtisadi uğurlarının göstərici idi. Səfərimizin təşkilinə göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə dərin təşəkkürümü bildirirəm.