"Uşaqlarla bağlı sosial xidmətlər və reabilitasiya sisteminin mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi fəaliyyətimizdə mühüm yer tutur və bu sahədə UNİCEF-lə əməkdaşlığın daha geniş müstəvidə qurulması xüsusi önəm kəsb edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, bunu Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sessiya çərçivəsində UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xanla görüşündə bildirib.
Görüşdə BMT-nin Cenevrədəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov da iştirak edib.
S.Babayev uşaqların sosial müdafiəsi, onlara göstərilən sosial xidmətlərlə bağlı milli qanunvericilik, mövcud sosial xidmətlər sistemi, sosial xidmət və reabilitasiya müəsissələri barədə məlumat verib. Nazir bu sahələrdə qanunvericiliyin və infrastrukturun təkmilləşdirilməsi, sosial işçi personalının peşəkarlıq səviyyələrinin artırılması, habelə müvafiq sahə üzrə qiymətləndirmələrin həyata keçirilməsi və strateji hədəflərin müəyyən edilməsi, gənclərin bacarıqlarının inkişaf etdirilməsi üzrə UNİCEF-lə əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun olduğunu bildirib. O, həmçinin demoqrafik təhlillərin bir seqmenti olaraq, uşaqlar və gənclər üzrə də bu təhlillərin aparılmasında UNİCEF-in ekspert dəstəyinə ehtiyac olduğunu diqqətə çatdırıb. S.Babayev ölkədə icra olunan aktiv əmək bazarı proqramlarından, həmçinin özünüməşğulluq proqramından bəhs edib, o cümlədən xüsusi qayğıya ehtiyac duyan gənclərin də bu proqrama cəlb edilməsinin mümkünlüyünü bildirib. Nazir UNİCEF-in Azərbaycanla bağlı 2016-2020-ci illəri əhatə edən Ölkə Proqramı çərçivəsində əməkdaşlıq müstəvisinin daha da genişlənməsinin vacibliyini qeyd edib.
Ə.Xan Azərbaycanda sosial xidmətlər sisteminin inkişafı, uşaqlara yönələn sosial xidmət siyasətinin təkmil əsaslar üzərində qurulması, gənclərin əmək bazarına çıxışının dəstəklənməsi kimi vacib istiqamətlərdə UNİCEF tərəfindən lazımi dəstəyin göstəriləcəyini, qeyd olunan Ölkə Proqramı çərçivəsində birgə işlərin daha da güclənəcəyini vurğulayıb.
Görüşdə müzakirə olunan məsələlərə münasibət bildirən V.Sadıqov Dayanıqlı İnkişaf Məqsədləri baxımından da bu məsələlərin aktuallığını qeyd edib. O, cari ilin oktyabr ayında Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş Bakı Forumunun keçiriləcəyini bildirib. V.Sadıqov bu görüşdə qeyd olunan əməkdaşlıq istiqamətləri üzrə UNİCEF tərəfindən tədbirlər planı və ya yol xəritəsinin də hazırlanmasının məqsədəuyğun ola biləcəyini, eyni zamanda, bu mövzularla bağlı ictimai məlumatlandırmanın da genişləndirilməsinin önəmini diqqətə çatdırıb.
Görüş UNİCEF-in Azərbaycanla bağlı 2016-2020-ci illəri əhatə edən ölkə Proqramı çərçivəsində görüləcək işlərin müzakirəsi ilə davam edib.