Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, 1980-ci ildən bu yana şəkərli diabet xəstəliyinə tutulanların sayı 433 milyona çatıb. Əgər 30 il əvvəl diabet haqqında yalnız xəstələr və həkimlər danışırdısa, bu gün diabetin nə olduğunu bilməyən yoxdur. Artıq uşaq diabeti inkişaf edir və hətta yenidoğulmuşlara diabet diaqnozu qoyula bilir. Hesablamalara görə, 10 il ərzində bu rəqəm iki dəfə artacaq.
Qanda qlükozanın çoxluğu ürək-damar sisteminə zərbə vurur, xəstələrin infarkt və insult riskini artırır. Daha sonra kapilyar damarların zədələnməsi ilə görmə zəifləyir, korolma təhlükəsi yaranır, böyrəklərdə problem, daha sonra böyrək çatışmazlığı yaranır, xəstədə periferik sinir və damar sisteminin sıradan çıxması nəticəsində isə ən qorxulusu - xora, yara, yaralmayan yaralar və qanqrena baş verir.
Diabet xəstəliyi xroniki olduğundan, xəstənin birinci vəzifəsi onu nəzarətə götürüb, həyatını bu xəstəliyin tələblərinə uyğun qurmaq və ən əsası qanda şəkərin miqdarını normada saxlamaqdır.
Amma hər şeydən öncə düzgün diaqnozu bilmək lazımdır. Çünki diabetin bir neçə tipi var. Diaqnoza görə də fərqli müalicə təyin olunur.
II tip şəkərli diabet: ən çox yayılmış və hər yaşda insanı yaxalaya bilən növdür. Burda insulindən asılılıq olmur. Xəstəlik diabetönü, başlanğıc və gizli şəkər dövrü ilə başlayır. Hüceyrələrdə insulin azalır, qanda qlükoza yavaş-yavaş artır. Lakin müayinə zamanı mədəaltı vəzin hələ ki, normal çalışdığı və insulin hormonunu lazımi qədər istehsal etdiyi görünə bilir. Xəstəlik irəlilədikcə hətta insulin sintezi artır, çünki orqanizm hüceyrələrdə qlükoza yetməzliyinə belə reaksiya verir. Elə bilir ki, qlükoza azdır, insulin azdır, ona görə insulini artırır. İnsulinorezistentlik 10-15 il çəkə bilər. daha çox 40-50 yaşdan sonra diaqnoz qoyulur. Amma həkimlər və pasiyentlərin də etirafına görə, əslində diabetə gedən yol 30 yaşdan başlayıb.
II tip diabetin də başlıca səbəbi kimi irsi amil, genetika göstərilir. Amma bu tipin yaranmasında xəstənin qidası, həyatı, xarakteri də mühüm rol oynayır. Kök insanlarda, şirniyyat və un məmulatları çox yeyənlərdə, az hərəkət edənlərdə, stress və qorxudan II tip diabet yarana bilər.
II tip diabetli xəstələrdə qanda təkcə şəkərin yox, insulinin də dozası çox olur. Çox zaman bu növ diabet piylənmə və kökəlməyə səbəb olur. Ona görə belə xəstələrin qarışısında duran vacib məsələ idman, hərəkət və qidadır.
Daha bir diabet növü hamiləliyin son aylarında qadında görünür. Qestasion diabet adlanan bu növ hamilə qadınların 3-4 %-də meydana çıxır, doğuşdan sonra öz-özünə itir.