"Rusiya və Gürcüstandan əlavə elektrik enerjisi alınıb
"Mingəçevir şəhərində yerləşən "Azəenerji Açıq Səhmdar Cəmiyyətinə məxsus "Azərbaycan İstilik Elektrik Stansiyası Məhdud Məsuliyyəti Cəmiyyətinin yarımstansiyasının birində baş vermiş qəza ilə bağlı sizin tapşırığınıza uyğun olaraq, Azərenerji prezidenti Etibar Pirverdiyevlə iyulun 3-də səhər saat 8-də Mingəçevir şəhərinə gələrək hadisə yerində birlikdə baxış keçirdik.
Unikal.org xəbər verir ki, bunu bu gün baş nazirin müavini, Mingəçevirdəki "Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə yaradılmış Dövlət Komissiyasının sədri Yaqub Eyyubov prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirədə bildirib.
Y. Eyyubov deyib ki, baxış zamanı məlum olub ki, 3 iyul saat 10.17 radələrində "Azərbaycan İES-in 330 kilovotluq yarımstansiyasında cərəyan transformatorunda qəza nəticəsində orada olan təxminən 1000 kiloqrama qədər yağ ətrafa səpələnib: "Yaxınlıqdakı elektrotexnik avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq yanğına səbəb olub. Həmin kabellərin uzun illərdir ki, istismar edilməsi yanğının intensivliyini bir qədər də artırıb. Eyni zamanda qəza baş verən zaman bu yarımstansiyaya xidmət edən stansiyanın altıncı blokunun yüklənməsi dayanıb. Lakin bu bloka verilən qaz dayandırılmadığından burada da yanğın baş verib. Hər iki yanğın söndürülüb. Bütün bunların nəticəsində işlək vəziyyətdə olan enerji blokları və hava xətlərində qəza açılışları olub, stansiyada gərginlik tam itib, respublikanın əsas enerji ötürücülərindən olan Birinci Abşeron Hava Xətti ilə elektrik cərəyanı verilişi tam dayanıb. Stansiyanın avtomatika və idarəetmə sistemi pozulub. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın rayonlarında elektrik enerjisi təminatına fasilə verilib .
Baş nazirin müavini qeyd edib ki, iyulun 3-də Azərbaycan prezidentinin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının ilk iclası keçirilib: "İclasda baş vermiş qəzanın səbəbləri və qəzanın aradan qaldırılması məsələsi müzakirə olunub, bununla əlaqədar müvafiq vəzifələr müəyyən edilib. İclasıen sonunda saat 19.00 radələrində yenidən enerji sistemində açılmalarla bağlı məlumat daxil olub. Yaranmış vəziyyə bağlı "Azəenerji ASC-nin baş dispetçeri məntəqəsinə getmişik və enerji sisteminin yenidən dayanması səbəblərinin aradan qaldırılmasına çalışmışıq. Dispetçerlər burada problemin aradan qaldırılması ilə məşğul olublar. Elektrik enerjisinin verilişi bərpa olunduqdan sonra Sizin tapşırığınızla ilk növbədə xüsusi həyati əhəmiyyətli obyektlərə, xəstəxanalar, metro, hava limanı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və digər bu kimi obyektlərə elektrik enerjisinin verilməsi təmin edilib. 4 iyul saat 4.00 radələrində isə ölkə üzrə tələbata uyğun gücün əldə edilməsinə nail olunub. Elektrik enerjisinin verilməsində Rusiya və Gürcüstandan da əlavə elektrik enerjisi alınıb .
Y. Eyyubov nəzərə çatdırıb ki, qəzanın səbəblərini daha dəqiq müəyyən etmək üçün ölkənin bu sahədə aparıcı mütəxəssislərindən, o cümlədən Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Sənaye İnstitutunun mütəxəssislərindən ibarət Ekspert Komissiyası yaradılıb: "Komissiyaya rəhbərlik AMEA Fizika İnstitutunun direktoru Nazim Məmmədova tapşırılıb. Komissiyanın bir həftə ərzində araşdırmaları yekunlaşandan sonra Sizə məruzə ediləcək.
Baş nazirin müavini Azərbaycan enerji sisteminjə baş vermiş fasilə lə əlaqədar bir sıra dövlət müəssisələrində yaranmış vəziyyətlə bağlı da Azərbaycan prezidentinə məruzə edib: "Neft Şirkəti üzrə - hadisə ilə əlaqədar neft emalı zavodunda bütün qurğular dayanıb. Hazırda katalitik krekinq qurğusundan başqa digər emal qurğuları iş rejimlərində çalışır. Katalitik krekinq qurğusunun regenerator blokunda yaranmış problem isə qurğunun soyudulması və daxili hissənin yoxlanılmasından sonra dəqiq müəyyənləşdiriləcək. İlkin ehtimala görə görüləcək təmir-bərpa işləri təxminən 8-10 gün çəkəcək. Katalitik krekinq qurğusunun təmiri dövründə ölkənin avtomobil benzininə tələbatı zavodda mövcud olan 80 min tona qədər qalıq ehtiyat hesabına təmin ediləcəyi üçün təchizatla əlaqədar hər hansı bir problem gözlənilmir. Hadisə ilə əlaqədar neft və qazçıxarma idarələrində, birgə müəssisələrdə nəzərdə tutulandan təxminən 4,2 min ton neft, 1 milyon 135 min kubmetr qaz az hasil edilmişdir. Neft Şirkətinin bütün müəssisələrində istehsalat sahələrinin normal iş rejiminə çıxarılması prosesi həyata keçirilir. "Azərsu üzrə - içməli su mənbələri, su emal qurğuları, su və kanalizasiya şəbəkələri sistemlərində qəza vaxtı dayanmalar olub. Əsas qurğuların mühafizəsi tədbirləri həyata keçirilmiş, təhlükəsizlik təmin edilib, sıradançıxmanın və subasma hallarının qarşısı alınıb. Elektrik kəsilməsindən dərhal sonra su təchizatı, kanalizasiya qurğuları və şəbəkə sistemlərinin işçi vəziyyəti yoxlanılıb, sıradan çıxmış hissələrin bərpası, magistral və şəbəkə xətlərinin qəzalı hissələrinin təmiri üçün təxirəsalınmaz tədbirlər görülüb. Anbarlardakı mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, həyati əhəmiyyətli obyektlərin dayanıqlı su təchizatının, eləcə də əhalinin minimum su təchizatının təmin olunması üçün 100-dən artıq sudaşıyan maşın cəlb edilib. Hazırda regionların su təchizatı tam təmin edilib, Bakı şəhərinin tələbatına uyğun olaraq şəbəkə sistemlərinin fasiləsiz su ilə təchizatı səviyyəsi 92-93 faizdir. Anbarlardakı su ehtiyatlarının həcmi isə 45-50 faizdir. Şəbəkə sistemlərinin hidravlik rejimlərinin pozulması nəticəsində baş vermiş qəzaların aradan qaldırılması, tələbata uyğun su təchizatı və su ehtiyatı iyulun 5-dək tam təmin ediləcək. "Azərişıq ASC-nin verdiyi məlumata əsasən, hazırda respublika üzrə tələbat 3150 meqavatdır. Paylayıcı şəbəkələrə verilən güc isə 2900 meqavatdır. Təxminən 250 meqavat çatmır. Bakı şəhəri 100 faiz , Bakıətrafı qəsəbələr, Xırdalan şəhəri və rayonlar isə 85 faiz enerji ilə təmin edilir.