Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Lənkəranda Astara, Lerik və Lənkəran rayonlarının sakinlərini qəbul edib.
Unikal.org xəbər verir ki, qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.