Sabahdan Bakı və Sumqayıt şəhərlərində yerləşən yarmarkalarda Qida təhlükəsizliyinə nəzarət məntəqələri fəaliyyət göstərəcək.
Unikal.org xəbər verir kiAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevin "APA-Economics"ə verdiyi məlumata görə, Bakı və Sumqayıt şəhərlərindəki yarmarkalarda fəaliyyət göstərəcək Qida təhlükəsizliyinə nəzarət məntəqələrində satış üçün gətirilən kənd təsərrüfatı məhsullarının mənşə sənədi yoxlanıldıqdan sonra məhsullara vizual baxış keçiriləcək və ehtiyac yarandığı halda laborator müayinələr aparılacaq.
Onun sözlərinə görə, qaydalara əsasən gün ərzində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bütün məhsulların keyfiyyəti nəzarət altında saxlanılacaq və məhsulların keyfiyyətində hər hansı bir çatışmazlıq aşkar olunarsa həmin məhsulun satışı dərhal dayandırılacaq.
Qeyd edək ki, Agentlik tərəfindən ölkə üzrə mövcud olan 111 Baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında aparılan monitorinqlər və təkmilləşmə işləri nəticəsində 39 Qida təhlükəsizliyi nəzarəti məntəqəsi yaradılıb. Hazırda qalan digər laboratoriyaların da maddi-texniki bazasının yaxşılaşdırılması, avadanlıq və ləvazimatlarla təmin olunması prosesi həyata keçirilir.