Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakı şəhərinin 5-ci mikrorayonunun sakinləri tərəfindən həyətlərində qeyri-qanuni tikinti işlərinin başlanması ilə bağlı müraciət daxil olmuşdur.
Unikal.org xəbər verir ki, müraciətə əsasən Komitənin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirilmiş, Bakı şəhəri, Nəsimi rayonu, 3005-ci məhəllə, 20 Yanvar küçəsində yerləşən 22 və 24 nömrəli yaşayış binalarının arasında Abbas Həsən oğlu Hüseynov tərəfindən 5 mərtəbəli yaşayış binasının inşası üçün tikinti çalasının qazıldığı müəyyən edilmişdir.
Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, tikinti üçün icazə sənədlərinin hazırlanması prosesinin başlanmasına baxmayaraq, həmin proses başa çatdırılmamış və Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən sözügedən ünvanda tikintiyə icazə verilməmişdir. Eyni zamanda, tikintinin aparılması məqsədilə hazırlanmış ərazi planlaşdırılması sənədləri Azərbaycan Respublikasının müvafiq şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan tərtib edilmişdir. Belə ki, mövcud 22 və 24 nömrəli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan həyətdə yeni binanın yerləşdirilməsi layihəsində ərazinin tikinti sıxlığı yolverilən göstəricilərdən yüksək hesablanmış, həmçinin mənzillərin sayına uyğun avtomobillərin parklanma yerlərinin, ərazidə uşaq oyunları və yaşlıların istirahəti üçün meydançaların, təsərrüfat məqsədli sahələrin nəzərdə tutulması və s. ilə bağlı tələblər gözlənilməmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarının 5.1.2-ci bəndini rəhbər tutaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri və Nəsimi rayonu icra hakimiyyətlərinə 20 Yanvar küçəsində yerləşən 22 və 24 nömrəli binaların arasında 5 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı icrası məcburi olan "Göstəriş göndərilmişdir. Göndərilən sənədə əsasən, hazırda həmin ünvanda tikinti məqsədləri üçün aparılan işlərin dayandırılması, habelə ərazinin əvvəlki vəziyyətinə qaytarılmasının təmin edilməsi barədə tədbirlər görülməlidir. Eyni zamanda, məsələ ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə də göndərilmişdir.