Xəbər verdiyimiz kimi, dünən saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.

Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilsə də iki polis zabiti şəhid olub.

Unikal.org xəbər verir ki, sözügedən hadisəni Milli Məclisin deputatı Aydın Mirzəzadə dövlətə qarşı yönəlmiş provakasiya adlandırıb:

"10 iyul axşamı Gəncənin mərkəzi meydanında baş verənlər dövlətçiliyimizə və stabilliyimizə qarşı yönəlmiş bir provokasiyadır.

Qeyri-qanuni aksiyanın nə insan hüquqlarının müdafiəsi, nə də dinlə heç bir aidiyyatı yox idi. İki nəfər yüksək rütbəli polis zabitinin qətlə yetirilməsi bunun düşünülmüş bir addım olmasına dəlalət edir. Bir müddət əvvəl Gəncənin icra hakimiyyəti başçısına, indi isə polis rəsmilərinə qarşı törədilən hadisələr Azərbaycan çaşqınlıq və gərginlik salmaq istəyindən xəbər verir.

Görünür xaricdə müəyyən antiazərbaycan dairələri Azərbaycanın inkişafı, müstəqil siyasəti sərf etmir. Onlar ölkə daxilində maraqlarını müdafiə edən qüvvələr də yarada bilməyiblər. Ona görə də terrora, qeyri-qanuni hərəkətlərə üstünlük verməyə, səbatsız insanların əli ilə qarşıqlıq yaratmağa cəhd edirlər.

Azərbaycan cəmiyyəti öz dövlətinin müdafiəsindədir, o heç zaman qara qüvvələrin arxasınca getməyəcək. Hadisələr göstərir ki, dövlətimiz, sabitliyimizi, inkişafımız hər an qorumalıyıq və biz buna qadirik".