"Türkiyə və Azərbaycan arasındakı münasibətlər hər sahədə artan temp üzrə inkişaf edir. Yeni dönəmin ilk prezidenti qismində Rəcəb Tayyip Ərdoğanın ilk xarici səfərini Azərbayvana etməsi də bunun təsdiqidir".

Bu sözləri Unikal.org-un əməkdaşına Ədalət və İnkişaf Partiyasının Xarici əlaqələr şöbəsinin mütəxəssisi Fatih Öztosun deyib. 

Fatih Öztosun ölkələr arasında olan əlaqələrin yalnız siyasi, iqtisadi sahələrdə deyil, bütün sahələrdə inkişaf etdiyini vurğulayıb. O, bildirib ki, Türkiyə və Azərbaycan dövlət başçılarının seçkidən sonra bu cür səfərləri ənənəyə çevrilib. F. Öztosunun sözlərinə görə, Türkiyə və Azərbaycan arasındakı möhkəm əlaqələr sarsılmazdır. O, bununla yanaşı, iki ölkə xalqlarının bir-birinə çox yaxın olduğunu qeyd edib: "Ölkələr arasında olan münasibətlər iqtisadi və coğrafi ərazi şərtlərinə görə deyil, əsrlərdən bəri mövcud olan tək millət prinsipindən irəli gəlir. Biz tək millətin bir övladıyıq. Heç kimin şübhəsi olmasın ki, Azərbaycanın güclənməsi və bir dövlət olaraq möhkəmlənməsi Türkiyənin güclənməsi deməkdir." 

Təhsil sahəsində də əlaqələrin bugünkü vəziyyətindən danışan F. Öztosun bildirib ki, yeni tələbə və müəllim mübadilə proqramları həyata keçirilməli və elm sahəsində də münasibətlər daha da genişləndirilməlidir. Hakim partiyanın nümayəndəsi Türkiyənin yeni idarəetmə sisteminə keçməsinin əlaqələrin daha da gücləndiriləcəyinə xidmət edəcəyini deyib. 

F. Öztosun iki ölkə arasında olan əlaqələrdən danışarkən viza probleminə də toxunub və bu məsələnin yaxın zamanlarda həllini tapacağına əminliyini ifadə edib: "Bir millət, iki dövlət" şüarının əməldə də həyata keçəcəyinə əminəm. Artıq bu sahədə əməli işlərin görülməsinin zamanı yetişib. Bilirsiniz ki, Türkiyə vətəndaşları Azərbaycana viza olmadan səfər edə bilmirlər. Bu məsələ hər iki ölkə rəhbərləri arasında dəfələrlə müzakirə mövzusu olub. Ümidvaram ki, Türkiyə və Azərbaycan arasında həllini tapmamış problem qalmayacaq və vizasız gediş-gəliş təmin olunacaq".

Dağlıq Qarabağ münaqişəsində Türkiyənin mövqeyinə gəldikdə isə partiya mənsubu ölkəsinin bu problemə münasibətinin dəyişməz olduğunu diqqətə çatdırıb: "Azərbaycan və Ermənistan münaqişənin həlli üçün konsensus əldə etməlidirlər. Türkiyə isə hər zaman Azərbaycanın yanındadır. Prezidentimiz çıxışlarında ölkənizin haqlı mövqeyini dəstəklədiyini dəfələrlə bəyan edib. Beynəlxalq tribunalardan da bu mövqe dünya ictimaiyyətinin nəzərinə çatdırılıb. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, dağıdılmış ərazilər bərpa edilməli və inrastruktur qurulmalıdır. Məcburi köçkün düşən qardaşlarımız doğma yurdlarına qayıtmalıdırlar." 

Hər iki ölkənin iştirakı ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələrdən də söz açan mütəxəssis 2013-cü ildən bölgədə yeni bir dönəm başladığını vurğulayıb: "2013-cü ildən Çinin təşəbbüsü ilə "Kurşak yol" layihəsinə start verildi. Bu yeni layihədə İpək yolu üzərində yerləşən, Şərq-Qərb arasında coğrafi baxımdan qapı rolu oynayan Azərbaycanın rolu böyükdür. Türkiyə bu yolda Azərbaycanla birgə addımlamaq istəyir." 

Partiya mənsubu sonda onu da qeyd edib ki, "Bir millət, iki dövlət" real layihələrdə öz əksini tapmalıdır: "Könüllərə yatırım edilməlidir. İqtisadi yatırımlar könüllərə yatırımlardan keçir."

Ramil Zeynallı