Ölkə ərazisində elektrik enerjisinin verilməsində yenidən fasilə yaranıb.

Bununla bağlı unikal.org-a "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib. Bildirilib ki, ölkənin bəzi bölgələrində, o cümlədən, paytaxt ərazisində elektrik enerjisinin verilməsində məhdudiyyətlər olub.

"Ağsu rayonunun Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb".

Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumata görə, paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır. Həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə svetoforların fəaliyyəti bərpa edilib. Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib. Bütün svetoforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür.