Azərbaycan Kooperasiya Universitetində universitetin Elmi şurasının 2017/2018-ci tədris ili üzrə yekun iclası keçirilib.
Unikal.org xəbər verir ki, şuraya sədrlik edən universitetin rektoru, professor Eldar Quliyev ilkin olaraq respulikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən, bu sahəyə göstərilən dövlət qayğısından danışdı, rektor bildirdi ki, "Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçmişdir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib.
Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyətinə toxunan rektor, tələbələrin hərtərfli inkişafı, onların yüksək səviyyədə ali təhsil almaları üçün hər cür şəraitin yaradıldığını vurğuladı. E.Quliyev bildirdi ki, universitetdə son zamanlarda maddi-texniki bazanın təkmilləşdirilməsi, tələbələrin müasir texnoloji yeniliklərlə tədris planlarını mənimsəməsi şübhəsiz ki, təqdirə layiq haldır.
Sonra isə universitetin tədris işləri üzrə prorektoru Fikrət Quliyev 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası və yekun dövlət attestasiyasının nəticələri barədə məruzə ilə çıxış etdi. İclasda Elmi Şuranın 2018/2019-ci tədris ili üçün iş planı təsdiq olundu.
Sonda Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor E.Quliyev qarşıda duran məqsəd və vəzifələr haqqında danışaraq bildirdi ki, "Tədris ilinin yekunlarına görə yekun qiymətləndirməyə nəzər salsaq ümumilikdə, mənimsəmə və keyfiyyət göstəriciləri müsbətdir. Bundan sonra da bu müsbət göstəriciləri əldə saxlamaq üçün daha çox çalışmalı, universitetimizin müasir dövrün beynəlxalq tələblərinə uyğun fəaliyyətini bundan sonra da təmin etməliyik.