Bu gün Nizami rayonu İcra Hakimiyyətində rayonun 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Unikal.org xəbər verir ki, yığıncaqda Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun idarə və müəssisə, təhsil və səhiyyə ocaqlarının, hüquq-mühafizə orqanlarının, ictimai birliklərin rəhbərləri iştirak ediblər.
Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, Prezident İlham Əliyevin sədrliyi ilə iyul ayının 8-də keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının cari ilin altı ayında qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini, ölkəmizin öz dinamik inkişaf templərini saxlaya bildiyini və bu il Azərbaycanın həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etdiyini, sonrakı illərdə də Azərbaycan iqtisadiyyatının dinamik şəkildə inkişaf etməsinin təminatı üçün islahatların daha da dərinləşməsinin vacibliyini vurğuladığını diqqətə çatdırıb.