Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Unikal.org-un nazirliyin saytına istinadən məlumatına görə, nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirləri ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ali Baş Komandanın ölkənin iqtisadi inkişafı və ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər barədə səsləndirdiyi fikirləri bir daha diqqətə çatdıran müdafiə naziri vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Ali Baş Komandanın Brüssel şəhərinə səfərini qeyd edən Müdafiə naziri Avropa İttifaqı və NATO-da keçirilən rəsmi görüşlərdə, xüsusilə də Şimali Atlantika Alyansının Zirvə toplantısının kommunikesində ölkəmizin ərazi bütövlüyü, suverenliyi, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını dövlət rəhbərinin dünyada artan nüfuzunun göstəricisi olduğunu bildirib.
Ölkə daxilindəki sabitliyin, sosial-iqtisadi inkişafın və ordu quruculuğu məsələlərinin daim dövlət başçısının nəzarətində olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdıran general-polkovnik Z.Həsənov Gəncə şəhərində törədilən təxribat nəzərə alınmaqla hərbi hissələrdə mühafizənin gücləndirilməsinin, gündəlik xidməti fəaliyyətin yüksək səviyyədə təşkilinin, xüsusilə də ön xətt bölmələrində sayıqlığın daha da artırılmasının vacibliyini qeyd edib.
Müdafiə naziri cəbhədəki mövcud vəziyyəti təhlil edərək döyüş və mənəvi-psixoloji hazırlığın, nizam-intizamın daha da artırılması, hərbi təyinatlı obyektlərin mühafizəsinin gücləndirilməsi, şəxsi heyətin qayğısına və sağlamlığına xüsusi diqqət yetirilməsi, eləcə də düşmən tərəfinin mümkün təxribatlarının qarşısının dərhal alınması məqsədilə müvafiq tədbirlərin görülməsi barədə cavabdeh şəxslərə konkret göstərişlər verib.