Ali Məhkəmədə hakim Fərhad Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Pərviz Paşayevin ölümündə təqsirləndirilən gizir Ramin Bayramovun Şirvan Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə açıqlamasında təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov deyib.

Onun sözlərinə görə, prosesdə şikayət araşdırılsa da, təmin olunmayıb.

Ali Məhkəmə Şirvan Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Füzuli Hərbi Məhkəməsi əsgərin ölümündə gizir Ramin Bayramovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət vermişdi.

Lakin zərərçəkmiş tərəfin apellyasiya şikayətindən sonra Şirvan Aprllyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək gizir R.Bayramovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.

Məhkəmənin qərarı ilə R.Bayramov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Qərarla razılaşmayan R.Bayramov qərardan kassasiya şikayəti vermişdi.

Vəkil Ə.Hüseynov bildirib ki, o, Ali Məhkəmənin qərarından Ali Məhkəmənin plenumuna şikayət verəcək.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, 30 iyul 2016-cı il tarixdə saat 12:50 radələrində mərhum əsgər Paşayev Pərviz Paşa oğlu xidmət etdiyi bölmənin əsgərləri ilə birlikdə üzərlərində böyük təyin olunmuş gizir Bayramov Ramin Cahangir oğlunun göstərişinə əsasən, Beyləqan şəhərindən keçən Mil-Muğan su kanalının üzərində qurulmuş piyada keçidi üçün nəzərdə tutulmayan metal boruların üstü ilə kanalın bir sahilindən digər sahilinə keçmək istəyərkən müvazinətini itirərək kanala düşüb və suda boğularaq ölüb.

Faktla bağlı Füzuli rayon Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə hadisə yerinə baxış keçirilib, mərhum P.Paşayevin meyitinin xarici və daxili müayinələri aparılıb, çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-trasoloji ekspertizaları təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.

Mərhum əsgər P.Paşayevin meyitinin xarici və daxili müayinələrinin nəticələrinə dair məhkəmə-tibb ekspertinin gəldiyi ilkin qənaətə görə, onun ölümünə səbəb suda boğulması olub.

İstintaq zamanı gizir Bayramov Ramin Cahangir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci (rəisin öz xidməti borcuna səhlənkar yanaşması ağır nəticələrə səbəb olduqda) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunduğundan, ona 2 avqust 2016-cı il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunub və Füzuli rayon Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, gizir R.Bayramov 2016-cı ilin aprel ayında cəbhədə erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısının alınmasında iştirak edib.