Azərbaycan baş naziri Novruz Məmmədovun sədrliyi ilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planında nəzərdə tutulmuş məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə iclas keçirilib.

Unikal.org-un məlumatına görə, iclasın gündəliyinə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Yol Xəritələrinin icrasına dair hazırlanmış monitorinq və qiymətləndirmə hesabatlarının müzakirəsi və 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin gedişinin müzakirəsi ilə bağlı iki məsələ daxil edilib.
"Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın bu gün sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında böyük işlər görülüb. Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində regionların da tarazlı şəkildə inkişaf etməsi ölkənin potensialının artmasına güclü təkan verib. Bu gün müzakirə edəcəyimiz məsələlər bu inkişafın davamlılığını təmin etməyə yönəlib, - deyə baş nazir Novruz Məmmədov vurğulayıb.
Birinci məsələyə dair məruzə ilə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, nazirlik Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərdən 151-i üzrə əsas icraçı, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına və "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol xəritələrinin isə əlaqələndiricisi müəyyən olunub. Nazir vurğulayıb ki, Strateji Yol xəritələrinin icrası ölkədə davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın daha da artırılmasına töhfə verəcək.
Gündəlikdəki ikinci məsələyə dair Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun məruzəsi dinlənilib. Komitə sədri bildirib ki, "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, aidiyyəti dövlət qurumları tərəfindən hazırlıq işlərinə başlanılıb. Dövlət Statistika Komitəsi tərəfindən siyahıyaalma ilə bağlı təşkilati işləri, siyahıyaalma materiallarının hazırlanmasını, siyahıyaalmanın keçirilməsini, nəticələrinin yayılmasını və beynəlxalq əməkdaşlıq istiqamətləri ilə bağlı görüləcək işləri özündə əks etdirən təqvim planı tərtib olunub.
Gündəlikdə duran məsələlər üzrə müvafiq qurumların rəhbərlərinin məruzələri dinlənildikdən sonra hər iki mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələrin yekununda məruzəçilərin çıxışları nəzərə alınmaqla iclasın qərarı qəbul edilib.
Qərarda göstərilir ki, aidiyyəti qurumlar Strateji Yol xəritələrinin icrası zamanı yaranan problemlərin, çatışmazlıqların vaxtında müəyyən edilərək aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsini təmin etsinlər və nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında, keyfiyyətlə icrasının daha da sürətləndirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Şəhər və rayon icra hakimiyyətləri əhalinin siyahıyaalınmasının keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsini təmin etsinlər.
İclasa yekun vuran Baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərin icrası ilə bağlı Nazirlər Kabinetinin müvafiq qurumlarına tapşırıqlar verib.